futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Sabah” yeni mövsümə hazırlıqlarını Avstriyada davam etdirir. “Bayquşlar” burda ilk yoxlama oyununda “Rapid”lə (Rumıniya) heç-heçə edib – 2:2.
“Sabah”ın futbolçusu Rəhman Daşdəmirov “FutbolPress“ə açıqlamasında oyunu dəyərləndirdi:
“Təlim-məşq toplanışında ilk yoxlama oyunu həmişə nisbətən ağır keçir. Bu, bizim hazırlıq çərçivəsində ilk sınağımız idi. Fikrimcə yaxşı oynadıq. Belə oyunlarda nəticədən daha çox səhvlərin görünməsi, çatışmazlıqların müəyyən edilməsi əsasdır. Fikrimcə bu baxımdan faydalı oyun oldu.
Ümumi olaraq, toplanış yaxşı keçir. Komanda olaraq tam şəkildə Avropa Liqasındakı oyunlarımıza köklənmişik. Hər kəs məşqlərdə verilən tapşırıqları yerinə yetirmək üçün əlindən gələni edir. Yeni baş məşqçinin rəhbərliyi altında cəmi 10 gündür məşq edirik. Əlbəttə, onun oyun fəlsəfəsini tam tətbiq edə bilməsi üçün müəyyən vaxta ehtiyac var. İnanıram ki, Avropa Liqasındakı ilk oyunumuza kimi tam hazır olacağıq”.
Klubla müqaviləsini uzadan cinah müdafiəçisi təəssüratlarını bölüşdü:
“Sabah”da özümü xoşbəxt hiss edirəm. Ötən mövsümdə bir çox oyunda şans qazandım. Komandamın uğur qazanmasında müəyyən rol oynadım. Bu məni çox sevindirir. Yeni müqavilə təklif olunanda çox düşünmədim. Dediyim kimi burada olmaqdan şadam, inanıram ki, “Sabah”la birlikdə yeni uğurlara imza atacam.
Rəhman komandanın Avropa Liqasındakı rəqibi “Çelye” haqda da danışdı:
“Şanslar istənilən halda bərabərdir. “Çelye” ötən mövsümdə Avropada uğurlu çıxış etdi. Konfrans Liqasının 1/4 finalında “Fiorentina”ya bir top fərqlə uduzaraq mübarizəni dayandırdılar. Çətin oyun olacaq. Amma oyundan öncə şanslar bərabərdir. Əlimizdən gələni edəcəyik ki, bu oyunlardan yaxşı nəticə ilə ayrılaraq, növbəti mərhələyə vəsiqə qazanaq.
Bütün komanda Avropa arenasında asan rəqib olmadığını bilir. Buna görə rəqibin ötənilki uğurunun komandanın hər hansı üzvündə mənfi təzyiq yaradacağını düşünmürəm. Avropa Liqasında püşk zamanı ehtimal olunan rəqiblərimizin siyahısına baxsaq burada doğrudan asan rəqibin olmadığnı görərik. Fikrimcə, hər hansı bir komanda Avropa Liqasına vəsiqə qazanıbsa, deməli öz ölkəsində ya kuboku qazanıb, ya da çempionatda ilk pillələrdə olub. Bu baxımdan bizim üçün gözlənilən idi”.
Şahin Cəfərov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.