AZ

Peşəkar jurnalistlərin unudulmaz ustadı

Mətbuatımızın 150 illik yübileyi ərəfəsində xatirəsini hörmətlə yad etdiyimiz ustad qələm sahibi və müəllimlərimizdən biri də Nəsir Əhmədlidir. Yaşasaydı, indi media ictimaiyyəti, çoxsaylı yetirmələri, doğmaları, dostları onun doğum gününü sevgilərlə qeyd edər, xoş arzularını bildirərdilər. Amma artıq 3-cü ildir ki, sevimli müəllimimizin ad günü onunla bağlı unudulmaz xatirələri yada salır, səmimi təbrikləri ruhuna ünvanlanan rəhmət duaları əvəz edir. 

BDU-nun professoru, filologiya elmləri doktoru, Əməkdar jurnalist Nəsir Əhmədli müasir Azərbaycan jurnalistikasının elmi-nəzəri bazasının formalaşdırılmasında və gənc kadrların hazırlanmasında müstəsna xidmətləri olan görkəmli alim və pedaqoqlardan olub. Onun çoxşaxəli fəaliyyəti həm praktik jurnalistika, həm də jurnalistika elminin nəzəri-metodoloji əsaslarının formalaşması baxımından əhəmiyyətlidir.

Nəsir Əhmədlinin fəaliyyəti təkcə elm və tədris sahələri ilə məhdudlaşmır, həm də praktik jurnalistika və ictimai fəaliyyət istiqamətlərində mühüm əhəmiyyət kəsb edir. Yaradıcılığı ilə jurnalist mədəniyyətinin, xüsusən də nitq mədəniyyətinin formalaşmasına və peşəkar medianın təşəkkülünə əhəmiyyətli töhfələr vermiş Nəsir Əhmədli həm də cəmiyyətin düşüncə tərzinə təsir göstərən, ictimai rəy formalaşdıran söz adamı idi. 

Nəsir Əhmədli 1942-ci ilin 1 iyulunda Tovuz rayonunun Alakol kəndində dünyaya gəlib. İlk əmək təcrübəsini V. Sturua adına Bakı Gəmi Təmiri Zavodunda keçib. Amma elmi və yaradıcı axtarışlara meyli onu təhsil yoluna yönəldib və Azərbaycan Dövlət Universitetinə (indi BDU) daxil olaraq jurnalistika ixtisası üzrə təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra Dövlət Televiziyasında jurnalist kimi fəaliyyət göstərib. 

Nəsir müəllimin elmi-pedaqoji fəaliyyəti Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, məşhur media tarixçisi Şirməmməd Hüseynovun dəvəti ilə reallaşıb. Onun təşəbbüsü ilə Nəsir Əhmədli universitetin jurnalistika fakültəsində çalışmağa başlamış və burada ömrünün sonuna qədər elmi-pedaqoji fəaliyyətini davam etdirib, beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında beynəlxalq informasiya sistemləri, media siyasəti, qlobal kommunikasiya prosesləri kimi sahələrdən dərs deyib. Bu dövrdə o, həm də elmi yaradıcılığını davam etdirərək, jurnalistika nəzəriyyəsi və media təhlili sahəsində mühüm tədqiqatlara imza atıb. 2007-ci ildə “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Onun müəllifi olduğu 100-dən artıq elmi məqalə, 3 monoqrafiya, 1 dərslik, 5 dərs vəsaiti və ümumilikdə 15 kitab Azərbaycan jurnalistika elminin əsas mənbələrindən biri hesab olunur. Beynəlxalq radio yayımı sahəsində hazırladığı model-sxem isə jurnalistikanın müxtəlif sahələrində tətbiq edilə bilən mühüm nəzəri-praktik yeniliklərdən biri kimi qiymətləndirilir. Onun elmi araşdırmaları jurnalistikanın yalnız bir peşə deyil, həm də cəmiyyətin informasiya sistemində strateji əhəmiyyət daşıyan bir sahə olduğunu sübut edir. Əsas tədqiqat istiqamətləri sırasında milli mətbuat tarixinin mərhələləri, informasiya texnologiyalarının jurnalistikaya təsiri, beynəlxalq media müstəvisində Azərbaycan həqiqətlərinin təbliği və media etikası xüsusi yer tutur.

Nəsir Əhmədli Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü idi. Uzun illər Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin tərkibində təmsil olunub. Peşəkar fəaliyyətinə görə 2010-cu ildə Əməkdar jurnalist fəxri adına layiq görülüb, III dərəcəli “Əmək” ordeni, Ali Media Mükafatının I dərəcəsi, jurnalistika sahəsində digər bir çox populyar mükafatlarla təltif edilib.

Professor Nəsir Əhmədli Azərbaycan jurnalistika elminin inkişafında, eləcə də beynəlxalq media sahəsindəki nəzəri axtarışlarda və praktiki tədris prosesində önəmli yerə malik olan alimlərdən olub. Onun elmi və pedaqoji irsi ali təhsil müəssisələrində tədris olunur və gələcək nəsil tədqiqatçılar üçün dəyərli qaynaq funksiyası daşıyır. 

Akademik fəaliyyətini pedaqoji məsuliyyətlə birləşdirən Nəsir müəllim çağdaş Azərbaycan mətbuatının formalaşmasında əməyi olan görkəmli ziyalı kimi ehtiramla xatırlanır. 2022-ci il iyunun 7-də 80 yaşında vəfat edib və özünün vəsiyyətinə əsasən doğulduğu Tovuzun Alakol kəndində torpağa tapşırılıb. Ruhu şad olsun! 

XQ

 

Seçilən
21
1
xalqqazeti.az

2Mənbələr