ŞUŞA, 2 iyul. TELEQRAF
Bu gün biz təkcə tarixi əhəmiyyətə malik olan Şuşa şəhərində toplaşmamışıq, eyni zamanda işğaldan azad olunduqdan sonra burada qısa müddətdə həyata keçirilən sürətli bərpa və inkişaf proseslərinin şahidi oluruq.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu gün Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Biznes Forumunda çıxışı zamanı bildirib.
Azərbaycan 1992-ci ildən bəri İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdür və bu illər ərzində həm təşkilatın sammitlərinə ev sahibliyi etmiş, həm də fəal şəkildə əməkdaşlıq proseslərinə töhfə vermişdir.
İƏT çərçivəsində yaradılan müxtəlif platformalar əməkdaşlığın genişlənməsi üçün mühüm rol oynayıb. Xüsusilə iqtisadi sahədə Azərbaycan ilə İƏT ölkələri arasında əməkdaşlıq son illərdə nəzərəçarpacaq dərəcədə artıb – ticarət dövriyyəsi təqribən 10 faiz (3.5 milyard dollar) yüksəlib.
Hazırda Azərbaycan İƏT çərçivəsində beş azad ticarət və əməkdaşlıq sazişinə qoşulub. Ölkəmizdə 10 mindən çox İƏT ölkələrinə məxsus şirkət fəaliyyət göstərir ki, bu da iqtisadi əlaqələrin dərinliyini və qarşılıqlı marağı nümayiş etdirir.
Bu faktlar Azərbaycanın İƏT məkanında mühüm iqtisadi tərəfdaş və təşəbbüskar ölkə kimi rolunu bir daha təsdiqləyir.