40-dan çox şəhidin, şəhid ata-anası, qardaş, bacılarının, müharibə əlili, veteran qazinin şeir, esse, publisist yazıları da topluya daxil edilib
Azərbaycanın Vətən müharibəsində şanlı Zəfərinin 5 illiyinə həsr olunan “Zəngəzur yazarlarının Zəfər çələngi” toplusunda Qərbi və Şərqi Zəngəzur bölgəsini əhatə edən 9 rayonda - Cəbrayıl, Sisian, Meğri, Gorus, Kəlbəcər, Laçın, Qafan, Zəngilan, Qubadlıda doğulub yaşamış, soykökü ilə bu torpaqlara bağlı olan 250 müəllifin şeir, hekayə, esse, publisist yazıları, eləcə də müsahibə, roman və poemalarından parçalar toplanıb.
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə reallaşan eyni adlı layihəsi çərçivəsində buraxılan 412 səhifəlik kitabda yazıları toplanan müəlliflər 12 - 92 yaş arasındakı ən müxtəlif peşə sahibləridir; məktəbli, tələbə, əsgər, təqaüdçü, sürücü, fəhlə, müəllim, həkim, polis, mühəndis, alim, jurnalist, dövlət məmurudur. Ramiz Rövşən, Hidayət, Musa Urud, Rafiq Yusifoğlu, İsmayıl İmanzadə, Əvəz Mahmud Lələdağ, Flora Xəlilzadə, Aygün Attar, Mahirə Abdulla, Rəşad Məcid, Əlağa Cəfərov, Tamxil Ziyəddinoğlu, Fəxri Uğurlu, Nəriman Qasımoğlu, Vaqif Cəbrayılzadə, Adil Cəmil, Nəsiman Yaqublu, Şirindil Alışanlı, Əlirza Xələfli, Elçin Hüseynbəyli kimi tanınmış müəlliflərlə yanaşı, xeyli yazarın Zəfər ovqatlı şeir, hekayə, esseləri bu topluda ilk dəfə təqdim edilib.
Fərqli üslub, janrdakı yazılarda müəlliflərin Vətən, Torpaq, Dövlət, Xalq, Ulu Öndər Heydər Əliyev, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Milli Ordu, Şəhid, Qazi, Ata-Ana, Zəngəzur, Bütöv Azərbaycan, TURAN, Azərbaycan -Türkiyə sevgisi, xalqımızın son beş illik qürurlu yaşantı, duyğuları əks olunub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi və 23 saat davam edən anti-terror əməliyyatı zamanı etdiyi tarixi çıxışlarından sətirlər, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın feysbuk paylaşımları, qalib döyüş əhvali-ruhiyyəsinə güzgü tutan çoxsaylı fotolar da toplunun ümumi ruhu ilə həmahəngdir.
Toplu professor Mönsüm Alışovun “Zəfər ovqatlı Ön sözü” ilə açılır. Qeyd olunur ki, kitabda adı, sözü keçən yazarların bəziləri xalqımızın Zəfər günlərini görmədən vətən həsrətilə dünyadan köçüblər, onların yurd həsrətli, nisgilli yazıları da nəşrə salınıb və 8 Noyabr Zəfərinin məna, mahiyyətini, mənəvi dəyərini anlayıb nəticə çıxarmaq, müqayisələr aparmaq üçün bu yazılar xüsusi əhəmiyyət daşıyır. Yaşadığımız şərəfli günlərin, ümümxalq fikrinin, düşüncəsinin bədii inikası olan topludakı ədəbi məhsulların xeyli hissəsi redaksiya heyətinin üzvləri, tərtibçilər tərəfindən son beş ilin sosial şəbəkə, media, internet bazalarından aranıb, yığılıb, seçilib.
Almanaxın nüsxələri şəhid ailələrinə, müharibə iştirakçılarına, ölkəmizin elm, təhsil, mədəniyyət müəssisələrinə, ictimai təşkilatlara, dövlət, qeyri-hökumət təşkilatlarına, KİV-lərə, hərbi hissələrə, müəlliflərə paylanır.
Daha geniş oxucu auditoriyasına çatdırılması məqsədilə toplunun elektron variantı “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin “zengezur.com” saytında yerləşdirilib: https://zengezur.com/KITABLAR/Almanax_yeni.pdf