Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışığından sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə də əlaqə saxlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilib ki, Fransa Prezidenti Ukrayna lideri Zelenskiyə Putinlə olan danışığın məzmunu barədə məlumat verib.
Makron Zelenskiyə deyib ki, Rusiya Prezidentinin Ukrayna ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur.
Kremlin yaydığı məlumata əsasən, Putin Makrona bildirib ki, Ukrayna üzrə uzunmüddətli nizamlanma üçün əsas, ilk növbədə, münaqişənin səbəblərinin aradan qaldırılması və “məhz sahədəki reallıqlara” əsaslanmalıdır.
Qeyd edək ki, Rusiya və Fransa liderləri son üç ildə ilk dəfədir ki, telefonla danışırlar.
Yelisey sarayının mətbuat xidmətinin açıqlamasına görə, bu danışıq iki saatdan çox davam edib.
Kreml sonuncu belə danışıqların 2022-ci il sentyabrın 11-də baş tutduğunu bildirib. Həmin vaxt əsas müzakirə mövzuları Zaporojye AES ətrafındakı vəziyyət, Ukrayna tərəfinin Donbasdakı mülki obyektləri atəşə tutması və taxıl sazişinin gələcəyi ilə bağlı olmuşdu.
Rusiya ilə Fransa liderləri arasında telefon danışıqları, Makronun əvvəlki telefon söhbətlərindən birinin məxfiliyini pozaraq ora jurnalistləri də cəlb etməsindən sonra kəsilmişdi.
Prezident Putin qeyd etmişdi ki, fransız həmkarı onu söhbətə üçüncü şəxslərin qoşulması barədə əvvəlcədən xəbərdar etməmişdi.