BAKI, 2 iyul. TELEQRAF
Təhlükəsizlik Şurasının iclasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə qeyri-qanuni miqrasiyaya nəzarəti təmin etməyi tapşırıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkə başçısının mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı miqrasiya siyasəti həyata keçirilərkən geosiyasi amillərin və çağırışların, demoqrafik proqnozların və əhalinin hərəkəti motivlərinin nəzərə alınmasının vacibliyini vurğulayıb. Prezident qeyri-qanuni miqrasiyanın qarşısının alınmasına nəzarətin təmin edilməsinin, eləcə də ölkənin insan kapitalının artırılmasının stimullaşdırılmasının vacibliyini qeyd edib”, - mətbuat xidmətindən bildirilib.
İclasın yekunu üzrə hökumətə konkret tapşırıqlar verilib.
Qazaxıstan dövlət orqanlarının məlumatına görə, hər il respublikaya 700 mindən çox əcnəbi gəlir ki, onların da əksəriyyəti MDB ölkələrindəndir. Rəsmilər belə miqrantların ümumi sayını açıqlamasa da, ölkədə deportasiya edilən qeyri-qanuni miqrantların sayı artır.