Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Polis Günü”nə və 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
"Unikal"ın məlumatına görə, mərasimdə çıxış edən daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov qazanılan uğurlarda Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini Vətənə, dövlətə, xalqa sevgi və xidmət ruhunda yetişdirən Polis Akademiyasının rolunu xüsusi qeyd edib. Daxili işlər naziri məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib, eləcə də bu təhsil müəssisəsini baş leytenant rütbəsi ilə bitirmiş məzunlara fərqlənmə diplomlarını təqdim edib.
General-polkovnik V.Eyvazov təntənəli mərasimin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, öz andına həmişə sadiq olan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.