AZ

Rusdilli məktəblər bağlanır? – Açıqlama

Qarşıdakı 3 il ərzində rusdilli məktəblərin Azərbaycandilli məktəblərlə əvəzlənəcəyi nəzərdə tutulur.

Tribunainfo.az xəbər verir ki, belə bir fikri təhsil eksperti Elçin Əfəndiyev səsləndirib. Bununla bağlı hələlik heç bir rəsmi məlumat yoxdur. Ekspert bu fikirləri dünən yayılan rusdilli məktəblərin bağlanacağı ilə bağlı xəbərə əsasən bildirib.

Digər təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, rus bölmələri artıq nə strateji, nə pedaqoji, nə də texnoloji baxımdan Azərbaycanın təhsil sistemində aktuallığını saxlamır:

“Bugünkü dünyada gələcəyin dili nə rus dilidir, nə də keçmişin ideoloji mirasıdır. Bizə bu gün – texnologiyanın, süni intellektin, rəqəmsal iqtisadiyyatın hökm sürdüyü bir dövrdə – Çin dili lazımdır.

Rus bölmələrinin saxlanması sadəcə keçmişə bağlılıq və inersiyadır. Amma Çin bölmələrinin yaradılması gələcəyə baxmaq, ticarət, innovasiya, enerji, mühəndislik, robot texnikası və beynəlxalq əməkdaşlıq üçün qapı açmaqdır. 2023-cü ildə dünyanın ən çox danışılan dili Çin dili olub. Çin bu gün dünya texnologiya bazarının 28%-nə sahibdir. Azərbaycan isə bu bazardan pay almaq istəyirsə, təhsil sistemini yenidən qurmalı, rus deyil, Çin yönlü strateji model qurmalıdır”.

K. Əsədov bildirib ki, rus bölmələrinin yerini Çin bölmələri tutmalıdı:

“Çünki biri keçmişin yadigarıdır, digəri gələcəyin açarı. Bu sadəcə dil məsələsi deyil — bu, strateji seçimdir. Texnologiya dövründə rus dilinə deyil, Çin dilinə investisiya etməliyik.
Gələcəyin bazarı Şərqdədir. Qərbi imitasiya edib Şərqi unudanlar gələcəyi itirir.
Çin dili bölmələri açın, rus bölmələrini tarixə yollayın. Çünki gələcək, keçmişin deyil, dəyişimin tərəfindədir”.

Gülşən Rəsul

Seçilən
21
tribunainfo.az

1Mənbələr