Bir neçə aydır sosial şəbəkələrdə və mediada geniş müzakirə olunan mövzulardan biri də akademik Nizami Cəfərovun “Vopşe”, “tak çto”, “znaçit” kimi rus sözlərinin Azərbaycan dilinin lüğətinə salınmasını təklif etməsi idi.
Maraqlıdır, dilçi alim Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsi fonunda yenə eyni fikirdədir? Rus sözləri Azərbaycan lüğətinə salınmalıdır?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Nizami Cəfərov vaxtilə səsləndirdiyi təklifi təkzib edib. O, dediklərinin tamamilə təhrif olunduğunu deyib:
MÖVZU İLƏ BAĞLI:
Vopşe”, “tak çto”, “znaçit” sözlərini lüğətimizə daxil etməliyik - Nizami Cəfərov
“Mən dəfələrlə demişəm ki, bu sözlərin orfoqrafiya lüğətinə daxil edilməsindən söhbət getmir. Bu sözlər bizim ümumi lüğət tərkibimizə də düşə bilməz. Söhbət ondan gedir ki, bu tip parazit sözlərin ayrıca lüğəti hazırlanmalıdır. Onlar əbədi deyil, dəyərli deyil, amma mövcuddurlar və öyrənilməlidirlər”, - deyə o, bildirib.
“Bu sözlər Cəfər Cabbarlıdan, Sabirdən tutmuş Zakirə qədər bir çox klassiklərimizin əsərlərində ironiya və ya tənqid vasitəsi kimi istifadə olunub. Biz bu sözləri niyə qəbul edirik, hansı şəraitdə dilimizə keçib və niyə hələ də onlardan istifadə edirik? Məsələ bundadır. Yoxsa kim deyər ki, bu sözlər lüğətə salınsın?!”
Alim əlavə edib ki, “ümumiyyətlə”, “belə ki”, “deməli” kimi sözlərimiz ola-ola onları əvəz edən rus sözlərinin dilimizdə kök salması narahatedicidir:
“Axı bizdə bu sözlər var. Niyə onlardan istifadə etmirik? Niyə bu qədər rus təsirinə məruz qalırıq? Bu, bizim dilə və təfəkkürə basqının nəticəsidir”.
Sonda isə akademik mövzu ətrafında dolaşan söz-söhbətlərə nöqtə qoyub:
“Bu nə ifadədir düşüb camaatın dilinə ki, guya mən demişəm bu sözlər lüğətə əlavə edilsin? Mən belə bir fikir bildirməmişəm! Dediyim odur ki, bu cür sözlər üçün ayrıca izahlı lüğət tərtib olunmalıdır”.
Aygün Hüseyn, Bizim.Media