Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib. Politoloqun fikrincə, Zaxarovanın bəyanatında həm üzrxahlıq, həm də yersiz hücum var:
" Zaxarovanın bu fikirləri üzrxahlıq notlarını özündə ehtiva edir. Adətən Zaxarova çıxış edəndə və münasibət bildirəndə, çox vaxt çılğınlığa yol verir, həmişə hücum mövqeyində olur və bir qayda olaraq, öz ölkəsinin yanlış mövqedə olduğunu heç vaxt etiraf etmir.
Amma bu dəfə biz görürük ki, o, barışıq çağırışları ilə çıxış edib və bildirir ki, bizim münasibətlərimizə müdaxilə edənlər var və s. Bu ifadələr, əlbəttə ki, siyasətdə və diplomatiyada tez-tez işlənən yanaşmalardır. Onlara çox da aldanmaq olmaz. Amma hər halda, baş vermiş bu insidentlərdə, gərginliklərdə və ikitərəfli münasibətlərin çökməsində, elə hesab edirəm ki, artıq bu çöküş başlayıb. Təqsir və günah, təbii ki, daha çox Rusiyanın üzərindədir.
Bir halda ki, onun hüquq-mühafizə orqanlarının və federal təhlükəsizlik strukturlarının nümayəndələri, xüsusilə xüsusi təyinatlılar basqın edirlər azərbaycanlıların evlərinə özbaşınalıqla insanları öldürürlər, digərlərinə isə xəsarət yetirirlər, bu nəyə hesablanmış bir yanaşmadır? Niyə belə vəhşilik, barbarlıq olmalıdır? Əgər insanların hər hansı bir günahı varsa, siz onları sakit şəkildə saxlamalı, aparmalı və araşdırma aparmalısınız.
Biz bunun əksini gördük - zorakılıqla, güc tətbiqi ilə insanları sözün əsl mənasında bədbəxt etdilər. Təbii ki, Azərbaycanın buna reaksiyasız qalması mümkün deyil. Azərbaycan vətəndaşlarına - o ölkədə yaşayanlara - əl qaldırmaq, bu, həm də Azərbaycan dövlətinə əl qaldırmaq anlamına gəlir.
Ölənlərdən biri Rusiya vətəndaşıdır. Bu, nədən xəbər verir? Rusiya belə bir şəkildəmi öz vətəndaşlarına münasibət göstərir? Niyə belə olmalıdır? Mən qəti əminəm ki, artıq Rusiyada da anlayırlar ki, onlar çox ciddi səhvlərə yol veriblər. İndi bəlli deyil, bu əməliyyatlara sanksiyanı kim verib, amma hər halda bu, məlum olacaq.
Digər tərəfdən isə, onlar anladılar ki, Azərbaycan dili və dilçiliyi olan dövlətdir. Biz öz vətəndaşlarımızın da qədrini bilirik. Nə olsun ki, onlar Rusiya vətəndaşıdır, onlar bizim soydaşlarımızdır. Əgər onlara qarşı belə kampaniyalar həyata keçirilirsə, demək, burada rəsmi dairələrdən buna izin verilir.
Ona görə də Rusiya indi təəccüblənməsin ki, dünyada onun nüfuzu getdikcə aşağı düşür. Digər tərəfdən, azsaylı dost, tərəfdaş, partnyor və qonşular da artıq ona üz döndərməyə başlayır. Çünki bunların normal, sağlam düşüncəli siyasəti yoxdur.
Deyirlər ki, guya Rusiya Qafqazı itirir. Amma Rusiyanı buradan heç bir qüvvə çıxarmır. Rusiya özü-özünü buradan təcrid edir, özü-özünü qovur.
Ona görə də hesab edirəm ki, Zaxarovanın bəyanatı, bir növ, icazəli bir bəyanatdır. Bu bəyanatda həm üzrxahlıq, həm də hücum notları var. Amma hücumlar yersizdir.
Yenə deyirəm, Rusiyada düşünən bir yanaşma yoxdur. Bir halda ki, Rusiya özü bu proseslərin hamısını sanksiyalarla başladır, o zaman özü də cavabdehdir, özü də günahkardır.
Biz dünya praktikasını da yaxşı başa düşürük ki, güclülər heç vaxt üzr istəmirlər. Güclülər səhv etdikləri halda belə çalışırlar ki, məsuliyyəti başqalarının üzərinə atsınlar. Nə üzr istəyirlər, nə də boyunlarına alıb yanlışlıqlarını etiraf edirlər. Bu, belə olmamalıdır. Belə işlərə davam vermək olmaz".
Zeynəb Mustafazadə