"Valideynlər övladlarını rus bölməsindən çıxarır. Dünən və bu gün bir neçə valideynimiz övladını rus bölməsindən çıxardaraq Azərbaycan və ya ingilis bölməsinə keçirməyə qərar verdiyini dedi. Aprel ayında idarə heyətimizə təklif etdim ki, birinci sinifdən rus bölməsinə qəbulu dayandıraq, təəssüflər olsun ki, fevral-mart ayında birinci sinfə müqavilə bağlayan valideynlərimiz vardı və qərar verə bilmədik. Amma valideynlərlə danışmağı, digər bölməyə keçməyə razı olarlarsa, sinfi bağlayacağımızı da tapşırdım".
Paralel.az xəbər verir ki, bu sözləri təhsil texnoloqu, Hədəf Liseyinin qurucu direktoru Şəmil Sadiq deyib.
Onun sözlərinə görə, yəqin ki, gələn ildən rus bölməsinə qəbulu birinci sinifdən mərhələli şəkildə dayandıracaqlar:
"Amma bu o demək deyil ki, rus dilinin xarici dil kimi tədrisinin əleyhinəyəm. Lakin bölmə əleyhinəyəm və bunun üçün öz imkanlarım daxilində mübarizə aparıram.
Məncə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ümumi bir qərar verib, digər bütün bölmələrdə Azərbaycan dilli tədrisi minumum 10-12 saata qədər qaldırmalıdır. Bunu dil, ədəbiyyat, Azərbaycan tarixi, coğrafiya fənləri hesabına edə bilərik və gələcəkdə də bu problemi ingilis və ya digər dilli bölmələrdə yaşamarıq".
Həmidə İbrahimova