AZ

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara AzTU-nun Fəxri doktoru diplomu təqdim olunub

Bakı, 2 iyul, AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Azərbaycan Texniki Universitetinin (AzTU) Fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AzTU-nun foyesində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, bugünkü təqdimat mərasimi təkcə təntənəli bir protokol tədbiri deyil, həm də gənclər, tələbələr və gələcək nəsillər üçün böyük mənəvi dəyər daşıyan bir hadisədir. Ersin Tatarın Türk dünyası birliyi üçün xidmətlərindən danışan rektor onun qardaş xalqların bir-birinə daha da yaxınlaşması, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl və qətiyyətli fəaliyyətini xüsusi vurğulayıb.

AzTU-nun hər zaman ortaq dəyərlərə böyük önəm verən ali təhsil müəssisəsi olduğunu xatırladan rektor deyib ki, bura təkcə mühəndis kadrları hazırlayan bir universitet deyil, eyni zamanda, innovasiyaların, tədqiqatların, texnoloji inkişafın və ən əsası – vətənpərvər, bilikli və məsuliyyətli gənclərin yetişdirildiyi bir elm mərkəzidir. Bu mənada Prezident Ersin Tatara AzTU-nun fəxri doktoru adının verilməsi məntiqidir və tarixi bir qərardır.

Daha sonra AzTU-nun elmi katibi Vəfa Rzayeva universitetin Elmi şurasının 2025-ci il iyunun 12-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Fəxri doktor diplomunun verilməsi ilə bağlı qərarını oxuyub.

AzTU-nun rektoru Vilayət Vəliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Fəxri doktor diplomunu təqdim edib.

AzTU-nun Fəxri doktoru, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bu mötəbər diplomu alması ilə bağlı təşəkkürünü bildirib. O, günü-gündən inkişaf edən Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan münasibətlərindən də danışıb. Bu münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin böyük xidmətləri və dəstəyini xüsusi vurğulayan Ersin Tatar bir daha Azərbaycan dövlətinə, Prezidentinə və xalqına təşəkkürünü bildirib. Ersin Tatar bundan sonra da Türk dünyasının həmrəyliyi istiqamətlərində səylərini əsirgəməyəcəyini xüsusi vurğulayıb.

Seçilən
6
50
azertag.az

10Mənbələr