AZ

Balaca dostlarımızdan keçən böyük dərdlər -Həkimdən AÇIQLAMA

Müasir dövrdə insanların heyvanlarla təması hər zamankından daha geniş yayılıb. Küçələrdə sahibsiz heyvanlarla ünsiyyət, evdə isə pişik və it kimi ev heyvanların saxlanılması adi hal alıb. Bir çox insan bu canlıları yalnız dost və ailə üzvü kimi deyil, həm də stressə qarşı təbii terapiya vasitəsi kimi görür. 

Bəs bu canlıların sağlamlığımıza ziyanları nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-infeksionist Aytən Ziyadova bildirdi ki, heyvanlarla təmasın insan psixologiyasına və rifahına müsbət təsiri danılmazdır:

"Xüsusilə ev pişikləri milyonlarla insan üçün həmfikir, sevgi qaynağı və evin bir üzvüdür. Lakin unudulmamalıdır ki, heyvanlar eyni zamanda müəyyən yoluxucu xəstəliklərin daşıyıcısı ola bilərlər. Bu kontekstdə pişiklərdən insanlara keçə bilən xəstəliklərə xüsusi diqqət yetirilməlidir. Bu xəstəliklərə ümumi olaraq zoonoz infeksiyalar deyilir və onlar əsasən parazitlər, bakteriyalar, göbələklər və viruslar vasitəsilə yayılır. Ən çox rast gəlinən zoonozlardan biri toksoplazmozdur. Bu, "Toxoplasma gondii" adlı parazitin səbəb olduğu infeksiyadır. Yoluxmuş pişiklərin nəcisində parazitin oositləri mövcuddur və insanlara bu patogen torpaqla, çirklənmiş əllərlə və ya düzgün bişirilməmiş ət vasitəsilə keçə bilər. Hamilə qadınlar üçün toksoplazmoz xüsusilə təhlükəlidir, çünki dölün sinir sistemi zədələnə və ya erkən doğuş baş verə bilər".

Müsahibimiz digər geniş yayılmış xəstəliklərdən də bəhs etdi:

"Digər geniş yayılmış infeksiya pişik cırmaqlama xəstəliyidir. Bu xəstəliyin törədicisi "Bartonella henselae" bakteriyasıdır. Yoluxma pişiyin insanı cırmaqlaması və ya dişləməsi nəticəsində baş verir. Ən çox müşahidə olunan əlamətlər cırmaqlanmış nahiyədə şişkinlik, limfa düyünlərinin böyüməsi, qızdırma və halsızlıqdır. İmmuniteti zəif şəxslərdə bu xəstəlik daha ağır gedişata malik ola bilər.
Pişiklərdən insanlara keçə bilən digər bir zoonoz dermatofitoz və ya daha çox tanınan adı ilə "ringworm" infeksiyasıdır. Bu göbələk infeksiyası "Microsporum canis" tərəfindən törədilir və birbaşa təmas yolu ilə yayılır. İnsanda dairəvi formalı, qaşınan və qabıqlanan dəri lezyonları ilə özünü göstərir. Xəstəlik xüsusilə uşaqlarda və yaşlılarda tez-tez rast gəlinir. Qurd infeksiyaları da zoonoz kateqoriyasında yer alır. Pişiklərdə olan "Toxocara cati" və "Dipylidium caninum" kimi helmintlər insanlara, əsasən gigiyenik qaydalara əməl olunmadıqda keçir. Bu infeksiyalar bağırsaq pozğunluqları, qarın ağrısı, allergik reaksiyalar və bəzi hallarda ciddi orqan zədələnmələri ilə nəticələnə bilər. Xüsusilə "Toxocara paraziti" uşaqlarda görmə zəifliyi və nevroloji fəsadlara səbəb ola bilər".

Həkimin sözlərinə görə, ən təhlükəli zoonozlardan biri isə quduzluqdur.

"Bu virus infeksiyası pişiklər daxil olmaqla bir çox məməlidə rast gəlinə bilər. Yoluxmuş heyvanın dişləməsi nəticəsində insana keçən "Rabies" virusu mərkəzi sinir sisteminə təsir edərək ölümcül nəticələrə səbəb olur. Buna görə pişiklərə və digər ev heyvanlarına vaxtaşırı quduzluq əleyhinə peyvəndin vurulması həyati əhəmiyyət daşıyır. Digər bir bakterial infeksiya olan salmonellyoz da pişiklərdən insanlara keçə bilər. Bu infeksiya əsasən yoluxmuş heyvanın nəcisilə çirklənmiş əşyalarla təmasda olarkən yayılır və insanlarda ishal, qızdırma və ümumi halsızlıqla müşayiət olunur. Bu infeksiyaların qarşısını almaq üçün sadə, lakin təsirli profilaktik tədbirlər mövcuddur. Əvvəla, ev heyvanlarının baytar müayinələrindən mütəmadi keçirilməsi, antiparazitar müalicələrin aparılması və quduzluq peyvəndlərinin vaxtında vurulması əsas şərtdir. Pişik qumunun gündəlik dəyişdirilməsi və gigiyenik təmizlik, xüsusilə də uşaqlarda və hamilə qadınlarda xəstəlik riskini minimuma endirir. Əllərin tez-tez və düzgün yuyulması, pişiklə oynadıqdan sonra gigiyenaya əməl olunması ən sadə, lakin effektiv qorunma üsullarındandır",- deyə A.Ziyadova sonda vurğuladı.

Nuriyyə NATİQQIZI

Seçilən
34
50
redaktor.az

10Mənbələr