AZ

“Nizamişünaslıq” elmi əsərlər jurnalının növbəti nömrəsi nəşr edilib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 iyul, AZƏRTAC

AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin “Nizamişünaslıq” elmi əsərlər jurnalının 12-ci nömrəsi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi Əməkdar elm xadimi, professor Xəlil Yusiflinin 90 illiyinə həsr edilib və AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan klassik ədəbiyyatının görkəmli tədqiqatçısı” sərlövhəli məqaləsi ilə başlanır.

Jurnalda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı, əsərlərində cümlə tipləri, Dədə Qorqud motivləri, şairin tədqiqatçıları, o cümlədən professor Xəlil Yusiflinin klassik Azərbaycan ədəbiyyatı, nizamişünaslıq sahəsindəki tədqiqatları haqqında məqalələr Azərbaycan, türk və ingilis dillərində çap olunub. Bu nömrədə Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan və Pakistan alimlərinin Nizami Gəncəvinin yaradıcılığından bəhs edən məqalələri də verilib.

“Nizamişünaslıq” elmi əsərlər jurnalı ildə iki dəfə nəşr olunmaqla Azərbaycan, ingilis, rus və digər dillərdə məqalə qəbul edir. Nəşrin nüsxələri müvafiq kitabxanalara paylanılmaqla, elektron variantı da ayrıca olaraq internet saytına yerləşdirilir. Jurnal Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN), Rəqəmsal Obyekt İdentifikatoru (DOI) standartları ilə nəşr olunmaqla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə tövsiyə olunan dövri elmi nəşrlər siyahısına daxildir.

Redaksiya heyətində Azərbaycan, Türkiyə, Özbəkistan, Pakistandan olan alimlərin yer aldığı “Nizamişünaslıq” elmi əsərlər jurnalının redaktoru AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov, məsul katibi şöbə müdiri Təranə Verdiyevadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
45
azertag.az

10Mənbələr