AZ

 Bəlkə də bu ssenariləri elə Putinin özü yazır...

Son zamanlar Rusiyada xüsusilə soyadaşlarımıza qarşı baş verənlərdən hiss olunur ki, Azərbaycan və Rusiya arasında ciddi gərginlik var. Bu gərginlik hələ də davam edir. Rusiya mediasında hətta Azərbaycan məhsullarından rusların imtina edə biləcəyi də ifadə edilib.


Əgər bu gəringilik belə davam edərsə, bunun ölkəmizin iqtisadiyyatına təsirləri necə olar bilər? Rusiyaya satılan yerli məhsullarımızın satışı dayandırıla bilərmi? Mövzu ilə bağlı deputat Aydın Hüseynov REFERANS-ın suallarını cavablandırıb. 


Aydın Hüseynov bildirib ki, bu gün Rusiya-Azərbaycan münasibətlərində gərginliyin olması gizli deyil. Bunun da səbəbkarı Rusiyadır, bu ölkənin ayrı-ayrı güc strukturlarının azərbaycanlılara qarşı həyata keçirdiyi qanunsuz istintaq hərəkətləri, onların yaşadıqları evlərə vəhşiliklə müşayiət olunan hücumlarıdır. Əlbəttə, bütün bu qanunsuz hərəkətlər iki ölkə arasında indiyədək formalaşmış münasibətlərə zərər yetirir. Nəzərə alsaq ki, 2022-ci ildə Azərbaycanla Rusiya arasında strateji müttəfiqlik haqqında saziş imzalanıb və bu sənəd ölkələrimizin davranışlarına ciddi təsir göstərməlidir, Rusiyanın güc strukturlarının törətdikləri bu münasibətlərin ruhuna ziddir. Buradan belə qənaətə gəlmək olar ki, ya Kreml hadisələrə nəzarət etmək imkanını itirib ya da bu ssenariləri elə Putinin özü yazır.




Deputat həmçinin iki ölkə arasında yaranmış gərginliyin iqtisadi əlaqələrə təsirsiz ötüşməyəcəyini də xüsusi olaraq qeyd edib. O bildirib ki, Ziyan birtərəfli olmayacaq, ya ikisi də qazanacaq, ya da ikisi də itirəcək. Nəzərə alsaq ki, Azərbaycanla Rusiya arasında mal dövriyyəsi təxminən 4,8 milyard dollardır. Ticarət müharibəsi baş verərsə, tərəflər üçün risklər yarana bilər. Rusiya və Azərbaycan MDB-nin üzvləridir, müvafiq olaraq hər iki ölkənin ticarətində bir çox tarif üstünlükləri mövcuddur. Ötən il Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 10% artıb. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında ticarət dövriyyəsi artıq 24,2% artaraq 2 milyard 161 milyon dollar təşkil edib.


Millət vəkili onu da vurğulayıb ki, 2024-cü ilin yekunlarına görə, Azərbaycanla ticarət dövriyyəsi Rusiyanın ümumi ticarət dövriyyəsinin cəmi 0,67%-ni (716,9 milyard dollar) təşkil edib. Rusiyadan Azərbaycana əmtəə ixracının payı Rusiyanın ümumi mal ixracının (433,9 milyard dollar) cəmi 0,81%-ni təşkil edir. 2024-cü ilin məlumatına görə, Rusiya Azərbaycana əsasən nəqliyyat vasitələri və ehtiyat hissələri, mineral yanacaq və yağlar, maşın və avadanlıqlar tədarük edir. Ötən il Azərbaycanın Rusiya bazarına tədarükündə azalma (1,5%, 1,18 milyard dollar) müşahidə edilib. Rusiyanın Azərbaycana ixracı əhəmiyyətli dərəcədə - 14,5% artaraq 3,62 milyard dollara çatıb. Rusiya istehlakçısı Azərbaycan məhsullarının itkisini şübhəsiz hiss edəcək. Ticarət müharibələri zamanı həmişə olduğu kimi, təbii ki, qiymətlər qalxa, məhsulların keyfiyyəti aşağı düşə bilər.


"Amma, ticarət müharibələri heç kimə sərfəli deyil və ayrı-ayrı şirkətlər vətəndaşlardan daha çox zərər çəkə bilər. Rusiya üçün Azərbaycanla ticarətdə birbaşa fasilə diplomatik baxımdan sərfəli deyil. Ona görə də çox güman ki, vəziyyət yavaş-yavaş lazımi həddə düşəcək”,-deyə deputat əlavə edib.


Ləman Xalıqova

Referans  

Seçilən
34
30
referans.az

10Mənbələr