İyulun 1-dən etibarən Azərbaycanda teatr, kino, muzey və simfonik orkestr sahələrinin inkişafına dövlət dəstəyinin bir forması kimi vergi güzəştləri qüvvəyə minib. Bu təşviqlər Vergi Məcəlləsinə edilən dəyişikliklərdə əksini tapıb. Yenilik həm yaradıcı şəxsləri, həm də mədəni xidmətlərdən istifadə edən vətəndaşları əhatə edir.
Ölkə.az oxu.az-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, teatr tamaşalarına, film nümayişlərinə, muzeylərə və simfonik orkestr konsertlərinə nağdsız ödəniş edən fiziki şəxslərə ƏDV-nin 50 faizi geri qaytarılacaq. Bundan əlavə, bu sahələrdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 5 il müddətinə mənfəət və gəlir vergisinin 90 faizindən azad edilir. Həmçinin film istehsalı, dublyaj, teatr və muzey fəaliyyəti üçün istifadə olunan torpaq sahələri torpaq vergisindən azad olunur, müəllif hüquqlarından əldə edilən royalti gəlirləri isə vergidən tam azad edilir.
Bəs bu təşviqlərin mədəniyyət siyasətinə real təsiri nə olacaq? Mövzu ilə bağlı Oxu.Az-ın bu və digər suallarını Milli Məclisin Mədəniyyət komitəsinin üzvü deputat Elnarə Akimova cavablandırıb:
- Elnarə xanım, iyulun 1-dən etibarən Azərbaycanda teatr, kino, muzey və simfonik orkestr sahələrinin inkişafına yönəlmiş yeni vergi güzəştləri qüvvəyə minir. Bu dəyişikliklərlə dövlət əsasən hansı problemi həll etmək istəyir?
- İyulun 1-dən qüvvəyə minən vergi güzəştləri ilə Azərbaycan dövləti sadəcə mədəniyyətin inkişafı istiqamətində növbəti uğurlu addımlarını atır. Aydındır ki, teatrlar, kinostudiyalar, muzeylər və simfonik orkestr kimi sahələr kommersiya məqsədli deyil, sosial və mədəni əhəmiyyət daşıyan qurumlardır. Lakin onların fəaliyyətinin davamlılığı və keyfiyyəti çox vaxt maddi çətinliklərlə üzləşir. Vergi güzəştləri ilə bu sahələrin maliyyə yükü azaldılır və inkişaf üçün şərait yaradılır. Dövlət dəstəyi əsas gücdür, bu dəstək artdıqca teatr və kinonun keyfiyyəti də yüksələcək, muzeylər və simfonik orkestr proqramları daha zəngin olacaq. Bu isə öz növbəsində, vətəndaşların mədəni tədbirlərə marağını artıracaq.
Bu güzəştlər həm də mədəniyyət sahəsində çalışanların əməkhaqqı fondunun artmasına və iş yerlərinin qorunmasına imkan verə bilər, gənc mütəxəssislərin bu sahəyə marağının artmasına təkan olar. Bilirik ki, bu sahələrin gəlir gətirmə potensialı məhduddur, vergi yükündən azad olmaları onların daha məhsuldar xidmət göstərmələrinə stimul verəcək, bu yöndə əsas missiya olan mədəni irsi qorumaq, estetik tərbiyə və cəmiyyətə intellektual töhfə vermələrinə daha yaxşı şərait yaradacaq. Burada rəqabət amilini də unutmamalıyıq. Bu vergi güzəştləri Azərbaycan mədəniyyətinin həm yerli, həm də beynəlxalq səviyyədə dirçəlməsi və rəqabət qabiliyyətinin artması üçün önəmli struktur dəyişikliyi kimi qiymətləndirilə bilər.
- Güzəştlər daha çox istehsalçını stimullaşdırmağa yönəlib, yoxsa tamaşaçını?
- Bu vergi güzəştləri daha çox mədəniyyət sahəsində fəaliyyət göstərən istehsalçıları, yəni teatrlar, kinostudiyalar, muzeylər və simfonik orkestr təşkilatlarını stimullaşdırmağa yönəlib.
Vergi yükünü azaltmaq, xərcləri yüngülləşdirmək daha çox layihə və tədbir həyata keçirməyə şərait yaradacaq. Məsələn, qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və teatr, muzey, simfonik orkestr, habelə film istehsalı və dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsi və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri mənfəətinin 90 faizi 5 il müddətinə mənfəət vergisindən azad olunacaq. Bu isə film sahəsini götürsək, yerli film istehsalçılarının daha az vergi ödəməklə daha çox film çəkmələrinə imkan verəcək. Ümumiyyətlə, yeni qanun mədəni qurumların dayanıqlılığını artıracaq, o cümlədən qeyri-kommersiya əsaslı fəaliyyət göstərən teatr və orkestr kimi qurumların yaşamasını təmin edəcək. Təbii ki, burada tamaşaçının da faydalandığı məqamları gözardı etmək olmaz. Qiymətlərin daha sabit və əlçatan olması ehtimalı qaçılmazdır. Tamaşaçı daha keyfiyyətli, rəngarəng və çoxşaxəli mədəni tədbirlərə çıxış imkanı əldə edəcək, xüsusilə bölgələrdə mədəniyyət proqramlarının təşkili üçün motivasiya yaranır.
- Sizcə, bu vergi güzəştləri mədəniyyət sahəsində real canlanma yarada biləcəkmi?
- Ümid edək ki, yaranacaq. Hər hansı işi həyata keçirəndə əsas problem iqtisadi çətinlikdirsə, bu güzəşt, ilk növbədə, iqtisadi baryerləri aşmağa qismən imkan verəcək. Maliyyə yükündən nisbətən azad olmaq isə daha çox layihə həyata keçirməyə, yeni tamaşalar, filmlər, sərgilər təşkil etməyə imkan yaradacaq. Qeyd edim ki, bu qanun yalnız dövlət yox, özəl sektor üçün də stimullaşdırıcı mexanizmdir. Məsələn, sponsorluq edən şirkətlərin dəstəkləri güzəştli şəkildə tanınarsa, sahəyə yeni investisiya axını reallaşa bilər.
Amma nəzərə almaq lazımdır ki, vergi güzəştləri öz-özlüyündə keyfiyyətli məhsul anlamına gəlmir. Bu sahədə çalışanların peşəkarlığı, kreativliyi və məsuliyyəti əsas prioritetdir. Eyni zamanda şəffaflıq və məqsədyönlülük də əsas prinsip olmalıdır. Əgər güzəştlər real yaradıcılıq fəaliyyəti üçün yox, sadəcə sənəd üzərində "layihələrə" yönəldilərsə, bu qanunun effekti hiss olunmayacaq. Güzəştlərin hansı struktur və layihələrə tətbiq olunacağı açıq və şəffaf olmalıdır. Əslində, tətbiq olunacaq yeni vergi güzəşti yaxşı işlər görməyə imkan verən amildir, yetər ki, bu işləri görən şəxslərə süni maneələr yaradılmasın. Ona görə də hər zaman dediyim bir fikri təkrarlamağa məcburam: Bütün işlərin başında milli ruhu və zehniyyəti, dövlətçilik şüuru sağlam olan insanlar dayanmalıdırlar ki, sənətə xidmət prinsipi prioritetə çevrilsin.
- Bu təşviqlər regionlardakı teatr və muzeylərin fəaliyyətinə necə təsir edə bilər?
- Regionlardakı teatr və muzeylər üçün bu vergi güzəştləri bir fürsət qazandırır, amma bu fürsətin reallığa çevrilməsi üçün əlavə dəstəklər də lazımdır. Nə mənada? Bilirik ki, regionlardakı teatr və muzeylər çox zaman az tamaşaçı axını və zəif maliyyə ilə fəaliyyət göstərir. Vergi yükünün azalması bu mənada, onlara nəfəslik yaradır, fəaliyyətlərinin ardıcıllığına stimul verir. Əgər teatrlar və muzeylər bu güzəştlərlə xərclərini azaltmağa nail olsalar, daha çox tamaşa, sərgi və tədbir təşkil edə bilərlər. Bu da yerli mədəni həyatın canlanmasına səbəb olar, gənc kadrların həvəslənməsinə, həm də öz bölgələrində işləmək baxımından həvəslənmələrinə yol açılar. Məsələyə digər aspektdən yanaşdıqda, muzeylər və teatrlar təkcə mədəni mərkəz deyil, həm də lokal turizm obyektləridir. Daha aktiv fəaliyyət onların bölgəyə gələn turistləri cəlb etməsinə, beləliklə iqtisadiyyata da dolayısı ilə fayda verməsinə gətirib çıxaracaq. Amma dediyim kimi, bütün bunlar ancaq əlavə köməyin olduğu təqdirdə reallaşacaq proseslərdir. Əgər əlavə addımlar atılmazsa, bu təsirlər zəif ol bilər. Çünki regionlarda teatr və muzeylər texniki cəhətdən zəifdir, binalar köhnə, avadanlıqlar yetərsizdir. Tək vergi güzəşti ilə bu problemlər həll ola bilməz.
- Milli Məclisin Mədəniyyət komitəsinin bu tip təşviqləri digər sahələrə (məsələn, kitab nəşriyyatı, rəqəmsal incəsənət) də genişləndirmək planı varmı?
- Milli Məclisin Mədəniyyət komitəsi olaraq mədəni həyatımızın, ölkəmizin mədəniyyət siyasətinin daha da dirçəlməsi üçün iclaslarda bir neçə dəfə mühüm məsələləri müzakirə predmeti etmişik. Muzeylər, kino və teatr sahəsinin inkişafı, vergi güzəştləri ilə bağlı şəxsən mənim neçə dəfə çıxışım olub. Bir məqamı qeyd edim. Kitab nəşrləri istiqamətində Mədəniyyət Nazirliyində hər il nəşrlərin satınalma prosesi həyata keçirilir. Yaxud müsabiqədən keçən mətnlər müəyyən rəyə verildikdən sonra çap olunur. Deyim ki, bu proses kifayət qədər şəffaf və dürüst istiqamətdə aparılır. Ölkənin çox sayda yazarları, naşirləri hər il bu imkandan uğurla faydalanırlar. Sadəcə, yaxşı olardı ki, nazirlik tərəfindən alınmış həmin kitabların üzərinə qoyulmuş vergi yükü də azalaydı. Bu, yaradıcı şəxslərə böyük stimul olardı. Mən bu barədə Milli Məclisin özündə belə təklif səsləndirmişəm, müxtəlif instansiyalarda aktuallandırmışam. Ümid edirəm, nə vaxtsa bu da nəzərə alınar.
- Siz şəxsən bu təşviqlərin daha da effektiv olması üçün hansı əlavə addımları zəruri hesab edirsiniz?
- Vergi güzəştləri mədəniyyət sahəsi üçün çox mühüm bir təşviq mexanizmidir, lakin təkbaşına yetərli deyil. Onun real və uzunmüddətli effekt verməsi üçün dövlət, özəl sektor və cəmiyyət səviyyəsində bir sıra əlavə addımların atılması vacibdir. Regionlarda səyyar mədəni xidmətləri, məsələn, mobil teatrlar, sərgi avtobusları və s. gücləndirmək lazımdır. Məktəblərlə əməkdaşlıq daha cəzbedicidir və yaxşı effektlər verir. Şagirdlər üçün mədəniyyət tədbirlərinə dair xüsusi proqramlar hazırlanmalıdır və biletlər mütləq şəkildə pulsuz olmalıdır ki, bir ailənin bir neçə məktəbli olan üzvü heç bir maddi sıxıntı yaşamadan həmin tədbirlərdə ürəklə iştirak edə bilsinlər. Ümumiyyətlə, bu gün teatr və muzeylərə məktəblilər daha çox aparılmalıdır. Gənclərin cəlb edilməsi üçün müasir formatlarda layihələr, interaktiv tamaşalar, multimedial sərgilər hazırlanmalıdır.
Bu qanun mədəniyyətin dövlət üçün prioritet olduğunu göstərir. Vergi güzəştləri doğru istiqamətdə atılmış bir struktur addımdır, qeyd etdiyim kimi, təşviq mexanizmidir. Bu təşviqlər, sistemli tədbirlərlə birgə həyata keçirilərsə, Azərbaycanda mədəniyyətin həm mərkəzdə, həm də regionlarda canlanması reallaşar, eyni zamanda, daha geniş auditoriyaya çatması və davamlı inkişafı mümkün olar.