AZ

İnvestisiyalar və iqtisadi artım...

ain.az, Xalqcebhesi saytına istinadən bildirir.

2025-ci ilin yanvar-may aylarında əsas kapitala 6694,6 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 21,9 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 11,7 faiz artıb. İstifadə olunmuş investisiyanın 3,363 milyard manatı və ya 50,2 faizi məhsul istehsalı sahələrinə, 2236,8 milyon manatı (33,4 faizi) xidmət sahələrinə, 1094,8 milyon manatı (16,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 5048,7 milyon manatını və ya 75,4 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 5,231 milyard manatı və ya 78,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Bunlarla yanaşı, ilin əvvəlindən iqtisadi artım meyilləri qeydə alınıb. Belə ki, 2025-ci ilin yanvar-may aylarında ölkədə 50,1 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,9 faiz artıb. ÜDM istehsalının 36,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 4896,1 manatdır.

Davamlı iqtisadi artıma nail olmaq üçün investisiya qoyuluşları mühüm amildir. Azəzrbaycanda daxili investisiyalar yüksək paya malikdir ki, bu da işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə böyük həcmdə dövlət investisiyalarının yatırılması ilə əlaqədardır. İndiyədək işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına 19 milyard manat vəsait xərclənib. 2024-cü ildə dövlət büdcəsindən bu sahəyə 4,8 milyard manat sərf olunub, 2025-ci ilin büdcəsində isə 4 milyard manat ayrılıb. Çünki işğaldan azad olunmuş ərazilərin bərpası, bu torpaqlarda həyatın əvvəlki məcrasına qaytarılması Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Hökumət 2021-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına 2,2 milyard manat, 2022-ci ildə 2,7 milyad manat vəsait ayırıb. Göründüyü kimi, hər il post-konflikt ərazilərin bərpasına dövlət investisiyaları artırırlır ki, bu da müsbət hal sayılmalıdır. Regionda böyük miqyaslı infrastruktur layihələri həyata keçirilir. Əsas infrastruktur qurulduqdan sonra özəl səramayələr və biznes üçün imkanlar artacaq. Dövlətin yaratdığı əlverişli biznes mühiti, bir sıra vergi güzəştləri, eləcə də infrastrukturun bərpası istiqamətində görülən işlər özəl sektoru da bu ərazilərdə iş görməyə sövq edəcək.

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması əsas məqsədlərdir.

İnvestisiya qoyuluşunda daxili yatırımlar üstünlük təşkil edir, əsas sərmayəçi dövlətdir. Ona görə də, iqtisadiyyata sərmayə yatırımlarının artırılmasına ehtiyac olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin cəlb edilməsi, bu prosesin stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Xüsusən də işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının yenidən qurulmasında çox böyük həcmdə sərmayələrə ehtiyac var. Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan yüzlərlə müraciət daxil olub.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək səviyyəli həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması çərçivəsində hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işləri davam etdirilir, müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılır.

Hazırda ölkəmizdə müasir infrastruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması işləri həyata keçirilir. Regionlarda kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun artırılması baxımından belə sənaye məhəllələrinin əhəmiyyəti böyükdür.

Bunlarla yanaşı, sahibkarların kreditlərə, maliyyəyə olan təlabatları tam ödənilmir. İş adamlarının investisiya qoyuluşları üçün dah çox vəsaitə ehtiyacları var. Əslində Azərbaycanda qeyri-neft sektoru böyük istehsal və ixrac imkanlarına malikdir. Bu potensialdan səmərəli istifadə edilməsinə böyük ehtiyac var. Bunun üçün yerli istehsalın və ixracın stimullaşdırılması vacibdir. Habelə özəlləşdirmənin əhatə dairəsi də genişləndirməli, iri və orta müəssisələr özəlləşdirməyə açılmalıdır. Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması, iqtisadi diversifikasiya və səmərəliliyin artırılması məqsədilə struktur islahatları davamlı xarakter daşımalıdır. Bu sahəyə investisiyaların cəlb olunması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan üçün xarici investisiyaların cəlb olunması da prioritet məsələdir. Son vaxtlar bu istiqamətdə türk dövlətləri ilə təmaslar və iqtisadi əlaqələr artmaqdadır. Xüsusən də Özbəkistanla əlaqələrdə və qarşılıqlı investiaiyalarda aktivlik diqqət çəkir. Bu həftə İqtisadiyyat Nazirliyində keçirilmiş tədbirdə Özbəkistanla sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb. Azərbaycanda səfərdə olan Özbəkistan biznes nümayəndələri ilə görüş çərçivəsində iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb. Bununla əlaqədar İqtisadiyyat Nazirliyində keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyi ilə "Mətanət A" və "TuranAz" şirkətləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb. Sənədlər müvafiq olaraq, quru tikinti qarışıqları, gipsokarton istehsalı və Özbəkistanın Namanqan şəhərində yaşayış evlərinin tikintisi layihələrini əhatə edir. Bununla yanaşı, Azərbaycan və Özbəkistan şirkətləri süd məhsullarının istehsalı üzrə sənədlər imzalayıb. Sənədlər "Panamilk" və "Atena", “Jizzax Organic” və "Milla Dairy" şirkətləri arasında imzalanıb. Tədbirdə, həmçinin Özbəkistanın “Havas Holding” və Azərbaycanın "RJ CHEMICAL CO" şirkətləri arasında məişət məhsulları (kimya) istehsalı və satışı üzrə tərəfdaşlığa, Özbəkistanın “Uzeltexsanoat” Assosiasiyası ilə Azərbaycanın "STP Global Cable" şirkəti arasında yüksək gərginlikli kabellər istehsalı layihəsi üzrə əməkdaşlığa dair sənədlər imzalanıb. Sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə birgə fəaliyyətin təşkilini əhatə edən bu sənədlərin icrası biznes subyektləri arasında əməkdaşlığı və iqtisadi-ticarət əlaqələrini stimullaşdıracaq.

İyulun 2-də isə Şuşa şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə 6-cı ECO biznes-forumu keçirilib. Məqsəd ECO regionunda investisiyalar və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsidir. Tədbirdə ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sektorlarında işbirliyinin şaxələndirilməsi imkanları, eləcə də digər məsələlər müzakirə olunub, habelə biznes-dövlət (B2G), biznes-biznes (B2B) formatlarında görüşlər təşkil edilib.

Mahir Həmzəoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
48
icma.az

10Mənbələr