Yay mövsümündə suda boğulma hallarının artması fonunda mütəxəssislər ilk yardımın vacibliyini xatırladır.
Hakimiyyet.az İqtisadiyyat.az-a istinadən boğulan şəxslərə necə yardım göstərilməli haqqında mütəxəssis rəylərinə əsasən məlumatı təqdim edir:
Mütəxəssislərin sözlərinə görə, suda boğulma nəticəsində ölümün əsas səbəbi beyin hipoksiyası – yəni oksigen çatışmazlığıdır. Bu, tənəffüs və qan dövranının dayanması ilə əlaqədar baş verir. Boğulma yalnız suya düşmə ilə deyil, həm də infarkt, travma və ya suda huşsuzluqla nəticələnən hallarda da baş verə bilər.
Əgər şəxs huşundadırsa, ilk olaraq xilasedici və təcili tibbi yardım çağırılmalıdır. Boğulan şəxsin öskürməsinə və suyu çıxarmasına yardım etmək üçün onu irəli əymək tövsiyə olunur. Həkimlər gələnə qədər onu nəzarətsiz qoymaq olmaz.
Əgər şəxs huşsuz vəziyyətdədirsə, dərhal ilkin tibbi yardım tədbirlərinə başlanmalıdır.
- Boğulan şəxsi yerə, kürəyi üstə uzadın və çiyinlərindən ehtiyatla silkələyərək reaksiya verib-vermədiyini yoxlayın.
- Reaksiya yoxdursa, başını arxaya əyərək tənəffüs yollarını açın və “eşit-gör-hiss et” prinsipi ilə 10 saniyə ərzində nəfəsini qiymətləndirin.
- Əgər nəfəs almırsa, dərhal süni tənəffüsə və ürək masajına başlayın.
Boğulma hallarında ilkin tibbi yardım 5 süni nəfəs verməklə başlanılır. Ardınca döş qəfəsinə 30 dəfə sıxma və 2 dəfə süni nəfəs vermə prinsipi ilə klassik CPR (kardiopulmonar reanimasiya) davam etdirilməlidir.
Qeyd edək ki, suda boğulma hallarına düzgün və vaxtında müdaxilə insan həyatını xilas edə bilər. Bu səbəbdən hər bir şəxsin ilk yardım biliklərinə sahib olması həyati əhəmiyyət daşıyır.