AZ

Rusiya kanallarını bağlayan ölkələr Azərbaycan da hazırlaşır?

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanla Rusiya arasında münasibətlər ciddi şəkildə gərginləşib. İyunun sonunda Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı mənzillərə Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçirdiyi qanunsuz reydlər, iki azərbaycanlının öldürülməsi və digərlərinin saxlanılması Bakıda ciddi narazılıq doğurub. 

Qeyd edək ki, AZAL-a məxsus təyyarənin Rusiya hava məkanında vurulması, Azərbaycan deputatının Rusiyaya buraxılmaması, indi isə Yekaterinburqda baş verən hadisələr ölkə ictimaiyyətində Rusiyaya qarşı tənqidi əhval-ruhiyyəni daha da artırıb. 

Bu fonda Azərbaycanda Rusiya telekanallarının yayımına məhdudiyyətlərin tətbiq olunması məsələsi gündəmə gəlib. Sosial şəbəkələrdə və ekspert dairələrində bu kanalların Azərbaycanda dövlətçiliyə, informasiya təhlükəsizliyinə və milli maraqlara təhdid olduğu vurğulanır. Qeyd edək ki, bəzi Rusiya kanalları Azərbaycana qarşı qərəzli reportajlar hazırlayır, ictimai rəyi manipulyasiya etməyə çalışır və Kremlin regiondakı maraqlarına xidmət edən təbliğat platforması rolunu oynayır.

Hazırda Azərbaycanda bəzi Rusiya kanalları kabel televiziyası vasitəsilə yayımlanır. Ekspertlər bildirirlər ki, bu kanalların bir çoxu, xüsusilə "Rossiya 1", "NTV", "Pervıy Kanal", "Zvezda" və digərləri, açıq şəkildə təbliğat fəaliyyəti aparır. Məhz bu səbəbdən yaxın vaxtlarda onların yayımına qadağa qoyulması və ya ciddi məhdudiyyətlərin tətbiq olunması istisna edilmir.

Ermənistan da Rusiya kanallarını bağlamağa hazırlaşır

Rusiya telekanallarına qarşı narazılıq təkcə Azərbaycanda deyil, Cənubi Qafqazın digər ölkəsi Ermənistanda da artmaqdadır. Ermənistan parlamentinin sədri Alen Simonyan rus telekanallarını ölkə daxilində qeyri-dost qüvvələrin təsir aləti adlandırıb və onların bağlanmasının vacibliyini bildirib. Onun sözlərinə görə, Rusiya kanalları Ermənistan cəmiyyətində qarışıqlıq yaratmaq, informasiya manipulyasiyası və dezinformasiya yaymaqla məşğuldur. Simonyan konkret olaraq “Россия 24” kanalının fəaliyyətini tənqid edərək onun “xalqı çaşdırmaq və ictimai sabitliyi pozmaq” məqsədi güddüyünü bildirib.

Rusiya kanalları qlobal səviyyədə də təbliğat maşınıdır

Rusiya telekanalları təkcə regionda deyil, dünya miqyasında da təbliğat və dezinformasiya fəaliyyəti ilə tanınır. Xüsusilə Ukrayna müharibəsindən sonra bir sıra Avropa ölkələri bu kanalların fəaliyyətinə qarşı ciddi addımlar atıblar.

Avropa İttifaqı 2022-ci ilin martında Rusiyanın "RT" (Russia Today) və "Sputnik" media orqanlarının yayımını öz ərazisində qadağan etdi. Bu qərar həmin media qurumlarının “Rusiyanın təcavüzünü əsaslandıran və saxta məlumatlar yayan vasitələr” kimi dəyərləndirilməsi ilə əsaslandırıldı. Almaniya, Fransa, Litva, Latviya, Estoniya, Polşa və digər ölkələr də "RT" və "Sputnik" kanallarının yayımını ya dayandırıb, ya da lisenziyalarını ləğv edib.

Litva “ictimai nifrət və zorakılıq çağırışları” yaydığına görə, 2022-ci ilin əvvəlindən etibarən 20-dən çox Rusiya telekanalını qadağan edib. Latviya və Estoniya isə rusdilli auditoriya üçün nəzərdə tutulmuş Kremlə bağlı kanalların regionda sabitliyi pozduğunu bildirərək onların yayımını tam dayandırıblar.

Birləşmiş Krallıqda isə Ofcom (media tənzimləyicisi) 2022-ci ilin martında "RT" telekanalının yayım lisenziyasını ləğv edib. Səbəb isə kanalın “müstəqil və obyektiv xəbər verməkdə aciz olması” kimi göstərilib.

Azərbaycanda informasiya təhlükəsizliyi və çağırışlar

Beynəlxalq təcrübə göstərir ki, informasiya təhlükəsizliyi artıq klassik hərbi və diplomatik təhlükəsizlik qədər önəm daşıyır. Azərbaycanın bu sahədə addımlar atması regional və qlobal trendlərlə üst-üstə düşür. Xüsusilə də Rusiya kimi təbliğat maşınına çevrilmiş bir ölkənin media orqanlarının fəaliyyəti nəzarətsiz qaldıqda milli təhlükəsizlik üçün risk yarada bilər.

Hazırkı gərginlik fonunda Azərbaycanın da Rusiya kanalları ilə bağlı konkret qərar verməsi, həm daxili ictimai rəyi qorumaq, həm də informasiya suverenliyini təmin etmək baxımından ciddi ehtiyac kimi görünür.

Elnur Əmirov 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
modern.az

10Mənbələr