Xroniki depressiya son dövrlərdə ən yaygın psixoloji pozuntulardan biridir. Lakin bu, ən çox gizli və uzun müddətli təsirə malik olan formasıdır. Xroniki depressiya, bir çox insanın gündəlik həyat keyfiyyətinə ciddi şəkildə təsir edir və bəzən illərlə gizlənə bilər.
Xroniki depressiya necə yaranır və bu vəziyyətdən necə xilas olmaq olar?
Psixoloq Fərqanə Mehmanqızı mövzu ilə bağlı Operativ Media-ya açıqlama verib:
"Xroniki depressiya çox vaxt diqqətdən kənarda qalır. İnsanlar həyatın çətinlikləri ilə mübarizə apararkən, mənəvi aclıq hissini doyurmaqda çətinlik çəkirlər. Günlük həyatın təzyiqləri, emosional yük və stres bir araya gəldikdə, insanın ruhi sağlamlığı zərər görür. Əgər stresə düzgün yanaşılarsa, bu depresiyanın xronikləşməsinin qarşısını almaq mümkündür. Lakin insanlar bu stresi idarə etməyi bacarmadıqları zaman, xroniki depressiyaya və nəticədə tükənmişlik sindromuna səbəb ola bilər. Bu isə daha sonra aqressiya, ətrafdakıların yanlış anlamaları və digər problemlərlə nəticələnir.
Xroniki depressiyadan qurtulmanın açarı özünü tanımaq və stressi idarə etməkdir. Özünü tanımaqla insan həm özünü, həm də ətrafını idarə edə bilər. Bu, həyatın harmoniyasını təmin edər və insanın işlərində uğur qazanmasına kömək edər".
Xroniki depressiyanın sağlamlığa mənfi təsirləri:
● Yuxu pozğunluqları (yuxusuzluq və ya həddindən artıq yuxu)
● Daimi yorğunluq və enerji çatışmazlığı
● Baş ağrıları və migren
● İştahın pozulması (azalma və ya artma)
● Həzm problemləri (qəbizlik, ishal, qastrit və s.)
● Ürək-damar xəstəlikləri (yüksək təzyiq, ürək ritm pozğunluqları)
● İmmunitet sisteminin zəifləməsi
● Maddələr mübadiləsinin pozulması (çəki artımı və ya azalması)
● Xroniki ağrılar (boyun, bel və əzələ ağrıları)
● Hormonal disbalans
● Dəri problemləri (akne, ekzema və s.)
● Diabet və digər metabolik xəstəliklərə meyillilik
● Alkoqol və maddə asılılığı riski artması
● İntihar düşüncələri və davranış riski
Xroniki depressiya yalnız ruhi deyil, fiziki sağlamlığı da ciddi şəkildə təhdid edir. Bu səbəbdən, ona zamanında müdaxilə edilməsi çox vacibdir. Hər kəsin stressi idarə etmə, özünü tanıma və balanslı bir həyat tərzi yaratma bacarıqları üzərində işləməsi bu pozuntunun qarşısını almağa kömək edə bilər.