AZ

Qarpız və yemiş hər bədənə eyni təsir etmir – XƏBƏRDARLIQ

Yay aylarının ən çox sevilən meyvələri olan qarpız və yemişin faydaları qədər düzgün istifadəsi də önəmlidir.

Qida üzrə mütəxəssis Fərid Səfərov BAKU.WS-ə açıqlamasında bu mövzuya bir sıra məqamlarla aydınlıq gətirib.

Onun sözlərinə görə, əgər mədə sağlamdırsa, acqarına qarpız və yemiş yemək ciddi zərər yaratmır. Lakin qastrit, reflüks və ya həssas mədəsi olan insanlarda bu meyvələr qaz, şişkinlik və turşuluğun artmasına səbəb ola bilər:

"Meyvəni yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra qəbul etmək daha məqsədəuyğundur."

Son zamanlar geniş yayılan qarpız və yemiş pəhrizlərinə də toxunan mütəxəssis qeyd edib ki, bu cür qidalanma qısamüddətli arıqlama effekti yaratsa da, zərərli nəticələrə səbəb ola bilər:


"Protein çatışmazlığı, qan şəkərində dalğalanmalar, əzələ itkisi və itirilən çəkini tez geri alma kimi risklər mövcuddur.

Qarpızın şəkər tərkibi ilə bağlı danışan mütəxəssis əlavə edib ki, bu meyvənin 100 qramında təxminən 6-7 qram şəkər var və yüksək glisemik indeksə malikdir.


Sağlam insanlar gündə 1-2 dilim (təxminən 200-300 qram) qarpız yeyə bilər. Diabet və insulin müqaviməti olan şəxslər isə miqdar və vaxt məsələsinə xüsusi diqqət etməlidirlər".

Fərid Səfərov bəzi xəstəlikləri olan şəxslərə qarpız və yemişi ya məhdudlaşdırmağı, ya da tamamilə çəkinməyi tövsiyə edib:

"Bu siyahıya diabet xəstələri, böyrək və hipertoniya problemi olanlar, ishal və həzm pozuntusu yaşayanlar daxildir".

Yemişlə süd məhsullarının birlikdə qəbuluna dair yayılan fikirlərə də münasibət bildirən mütəxəssis, bu yanaşmanın daha çox xalq arasında formalaşdığını deyib:

"Əgər hər iki məhsul təzədirsə və uyğun şəraitdə istifadə olunursa, sağlam mədə üçün problem yaratmaz. Amma həssas mədəsi və laktoza dözümsüzlüyü olan şəxslərdə narahatlıq və qıcqırma yarana bilər."

Qarpız və yemişin su-duz balansına təsirinə toxunan Fərid Səfərov bildirib ki, bu meyvələr xüsusilə yayda bədəndəki su itkisini bərpa etmək baxımından faydalıdır:

"Qarpızın 92-93 faizi sudan ibarətdir. Lakin çox miqdarda qəbul edildikdə natrium səviyyəsinin azalmasına səbəb ola bilər. Bu səbəbdən duzsuz pəhrizdə olanlar və elektrolit tarazlığı pozulmuş şəxslər bu məqama diqqət etməlidirlər."

Şahanə Xankişiyeva

Seçilən
11
3
far.az

4Mənbələr