AZ

Qardaş ölkənin liderinin ölkəmizə TARİXİ SƏFƏRİ – Azərbaycan-Özbəkistan münasibətlərində YENİ DÖNƏM

Xəbər verdiyimiz kimi, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Bu səfər iki qardaş ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında yeni səhifələrin açılması baxımından mühüm önəm kəsb edir.

Nəzərə alaq ki, Özbəkistanı Azərbaycanla etnik köklər bağlayır. Tarix boyu iki türk xalqı hər zaman bir-birlərinə arxa-dayaq olublar. Eyni zamanda iki xalq arasında dərin mədəni-iqtisadi əlaqələr olub. Məsələn, Səmərqənd, Xivə, Buxara kimi şəhərlərdə Azərbaycan memarlığının nümunələri bu gün də qalmaqdadır. Özbək xalqı bu dəyərləri göz bəbəyi kimi qoruyub saxlayır.

Bu gün Səmərqəndin bəzi küçələrini gəzəndə özünü sanki Azərbaycanda hiss edirsən.

Səmərqənd minlərlə azərbaycanlının yaşadığı bir şəhərdir.

Nəzərə alaq ki, orta əsrlərdə Əmir Teymurun yürüşlərindən sonra Azərbaycandan gedən yüzlərlə ailə bu şəhərdə məskunlaşıb. Həmin insanların varisləri bu gün Özbəkistanın inkişafı üçün yaşayıb, işləyirlər. Azərbaycan hər zaman Özbəkistanın yanında olub. 1966-cı ilin aprel ayının 26-da Daşkənddə baş verən dəhşətli zəlzələdə ilk yardıma yetişənlər arasında Azərbaycan da vardı. O zaman Azərbaycanın hesabına Daşkəntdə böyük yaşayış məntəqəsi inşa edildi.

1989-cu ilin iyun ayının 1-dən 5-dək Fərqanədə baş verən qanlı olaylarda qardaş qırğının qarşısının alınmasında Azərbaycanın xüsusi rolu oldu. SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən hazırlanmış təxribatın hədəfi türk xalqlarını bir-birlərinə qırdırmaq və genetik bağları dağıtmaq idi. Həmin qorxunc günlərdə Özbəkistan ziyalılarının səsinə Azərbaycan ziyalıları səs verdi. Təxribatların uzunömürlü və daha faciəli olmasının qarşısı alındı. Ən əsası emosiyaları sakitləşdirmək üçün Azərbaycan hökuməti minlərlə Axıska türkünün ölkəmizə köçürülməsinə nail oldu.

Müstəqillik dövründə əməkdaşlıq

Müstəqillik illərində də iki ölkə arasında əlaqələr uğurla inkişaf etdirildi. Qarabağ və ətraf ərazilərin işğalına davamlı şəkildə etiraz edən rəsmi Daşkənd hər zaman Ermənistanı işğalçı dövlət kimi tanıdı. Təsadüfi deyil ki,  Özbəkistan Ermənistanda səfirlik açmayan yeganə MDB ölkəsidir.

Təəssüf ki, əksər ölkələrdə olduğu kimi bir çox türk dövlətlərində güclü erməni diasporu var.

Amma Özbəkistanda hər hansı bir erməni aktivliyini görmək mümkün deyil. Özbəkistan parlamentində bir dənə də olsun erməni deputat yoxdur.

Üstəlik, azərbaycanlı ailələr orada digər ölkələrdə olduğu kimi özlərini qərib hiss etmirlər. Azərbaycan musiqisi, mədəniyyəti, tarixi özbək qardaşlarımız üçün çox maraqlı və əzizdir.

Mərkəzi Asiyanın incisi - Özbəkistan

Özbəkistan ərazisinə və əhalisinə görə dünyada 3-cü ən böyük türk dövlətidir. Özbəkistan uran ehtiyatlarına görə dünyada 4-cü, qızıl yataqlarına görə ilk 10 ölkədən biridir. Bundan əlavə, təbii qaz yataqlarına görə bu ölkə dünya sıralamasında 11-cidir.

Son illərdə Azərbaycanla Özbəkistan arasında əlaqələr bütün sahələr üzrə şaxələnir, dərinləşir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ilin avqustunda Özbəkistana dövlət səfəri və bu səfər zamanı imzalanan müttəfiqlik münasibətləri haqqında sənəd iki ölkə arasında yeni bir səhifə açmış oldu.
 

Prezident İlham Əliyevin ötən il Daşkəndə dövlət səfərindən keçən 313 gün ərzində iki ölkənin həm ali rəhbərləri, həm də hökumət üzvləri arasında kifayət qədər intensiv təmaslar baş verib. Statistik rəqəmlər göstərir ki, son səkkiz il ərzində Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi səkkiz dəfə, birgə istehsal həcmi isə beş dəfə artıb. 2025-ci ilin ilk beş ayında Özbəkistanla ticarət dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artaraq 200 milyon dolları ötüb.


Mərkəzi Asiyanın incisi olan Özbəkistan hal-hazırda özünün renessans dövrünü yaşamaqdadır. Prezident Şavkat Mirziyoyev tərəfindən elan edilən “Yeni Özbəkistan” hədəfləri uğurla reallaşdırılmaqdadır. Prezident Şavkat Mirziyoyevin “Yeni Özbəkistan” hədəfləri ilə Prezident İlham Əliyevin “Yeni Azərbaycan” hədəflərinin ortaq cəhətləri çoxdur. Bu layihələrin hər ikisi iqtisadi-siyasi islahatların reallaşdırılmasında “Bizim maraqlarımız” ideyasına əsaslanır və bu maraqlar yalnız ölkələrin daxili sferası ilə məhdudlaşmır. Bu hədəflər ölkələrin yerləşdiyi regionun və strateji tərəfdaşların maraqlarını da nəzərə alır.

Azərbaycan-Özbəkistan əməkdaşlığının perspektivləri

Nəzərə alaq ki, iki ölkə arasında birgə İnvestisiya Fondu fəaliyyət göstərir. İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Fond artıq praktiki olaraq layihələrlə təmin edilib. Bu gün 10-dan çox layihə artıq investisiya qərarlarının qəbulu mərhələsindədir.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında çıxışında deyib ki, bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir:

“Əminəm ki, enerji, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Bu da bizim niyyətimizi əks etdirir, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğundur”.

Təsadüfi deyil ki, Azərbaycan və Özbəkistan liderlərinin ortaya qoyduğu yeni vizyon konstruktiv, birləşdirici və balanslı xarici siyasət anlayışı ilə həm Şərq-Qərb, həm də TDT kontekstində bir körpü yaratmaqdadır.

Haqlı olaraq Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatla çıxış edərkən beynəlxalq və regional məsələlərdə əməkdaşlıqdan söz açıb:

“Çünki bugünkü qeyri-sabit dünyada məsləhətləşmək, fikir mübadiləsi aparmaq lazımdır. Məmnuniyyətlə demək istəyirəm ki, ciddi məsələlər üzrə fikirlərimiz üst-üstə düşür. Biz bu fikirləri bütün platformalarda irəli aparacağıq, çünki bu gün birləşməli, Azərbaycan və Özbəkistan xalqları üçün vacib olan məsələləri həll etməliyik”.

Göründüyü kimi Azərbaycanla Özbəkistan arasındakı tarixi bağlılıq və əlaqələr müasir çağırışlar fonunda yeni müstəviyə çıxarılaraq daha uğurlu bir şəkildə inkişaf etdirilir. Bu isə təkcə iki qardaş ölkə arasında əlaqələri şaxələndirmir, həm də Türk dövlətlərinin qüdrətini daha da artırır.

Surxay Atakişiyev, Bizim.Media

 

Seçilən
6
40
bizim.media

10Mənbələr