AZ

Son 30 ildə İƏT ölkələrindən Azərbaycana 5 milyard dollar investisiya yatırılıb

Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Biznes Forumu çərçivəsində Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev jurnalistlərə açıqlamasında İƏT Baş katibinin forumun platforma kimi geniş istifadəsi barədə fikirlərinin əhəmiyyətini vurğulayıb.

Finss.az xəbər verir ki, Y.Abdullayevin sözlərinə görə, forum üzv ölkələrlə əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradır:

“2025-ci ildə İƏT-ə üzv ölkələrlə ticarət dövriyyəmiz 1,5 milyard dollar təşkil edib. Son 30 ildə İƏT ölkələrindən Azərbaycana yatırılan investisiyaların həcmi 5 milyard dollardır. Düşünürük ki, bu potensial bundan da çoxdur. Bu barədə forum iştirakçılarına ətraflı məlumat vermişik.”

O əlavə edib ki, İƏT Baş katibinin təklif etdiyi yeni yol xəritəsinin hazırlanması ticarət təşviqi agentliklərinin və əlaqədar qurumların imkanlarının daha səmərəli istifadə edilməsinə yönəlib:
“Dünya ticarətinin əsas sahələrindən biri olan logistika hazırda çox baha başa gəlir. Yeni çağırışlara hazır olmalıyıq. Hazırlayacağımız tədbirlər planında üzv ölkələrin ticarət palataları ilə müzakirələr zamanı logistika problemlərinin həlli əsas mövzulardan biri olacaq.”

Y.Abdullayevin qeyd edib ki, Şuşada İƏT üzvlərindən 100-dən çox sahibkar iştirak edir:

“Forumda irəli sürülən fikirlərdən biri də budur ki, İƏT ölkələri Qarabağda aparılan layihələrdə fəal iştirak etsinlər. Bu günədək Qarabağda fəaliyyət göstərmək istəyən yerli və xarici şirkətlərdən 4 mindən çox müraciət daxil olub. İƏT çərçivəsində bu imkanları genişləndirib müraciətlərin sayını artırmaq niyyətindəyik.”

Fuad Mədətov
Finss.az

Seçilən
13
50
fins.az

10Mənbələr