AZ

ABŞ Ukrayna üçün silah tədarükünü xəbərsiz şəkildə dayandırıb

BAKI, TurkicWorld

Tramp administrasiyasında Ukrayna qərarı böhran yaradıb.

TurkicWorld xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin Ukraynaya bəzi silahların göndərilməsini dayandırmaq qərarı Tramp administrasiyasının daxilində və bəzi Respublikaçı konqres üzvləri arasında gözlənilməz narahatlığa səbəb olub.

“Politico” nəşrinin yazdığına görə, bu qərarın bir çox yüksək vəzifəli şəxsdən xəbərsiz şəkildə verildiyi iddia olunur.

Adlarının açıqlanmasını istəməyən altı müxtəlif rəsmi bildirib ki, Ukraynaya göndərilməsi planlaşdırılan hərbi sursatların bir hissəsinin saxlanılması qərarı Müdafiə Siyasəti üzrə müşavir Elbric Kolbi və kiçik bir məsləhət qrupu tərəfindən, məhdud dairədə qəbul olunub. Rəsmilər bu qərarın ABŞ-ın bəzi silah ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar fonunda verildiyini bildiriblər.

Mənbələrə görə, qərar nə Dövlət Departamenti, nə də Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun komandası ilə məsləhətləşmədən həyata keçirilib. Hətta Polşada yüklənməyə hazır olan bəzi hərbi sursatların geri çağırılmasından əvvəl ABŞ-ın Kiyevdəki səfirliyi də bu qərardan xəbərsiz olub.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli isə dünən açıqlamasında Pentaqonun hərbi yardımlarla bağlı daxili araşdırma apardığını təsdiqləyərək bildirib ki, bu qərar ABŞ-ın maraqlarını ön plana çəkmək məqsədilə qəbul olunub.

Qeyd edək ki, Ukraynaya silah yardımı məsələsi Tramp administrasiyası dövründə həm daxildə, həm də beynəlxalq müstəvidə diqqət mərkəzində qalmaqda davam edir. Dayandırılmış tədarüklərin Ukraynadakı vəziyyətə təsiri isə yaxın günlərdə daha aydın görünəcək.

Seçilən
16
23
turkic.world

10Mənbələr