Elektromobil istifadəçiləri bəzi çətinliklərlə qarşılaşa bilər və bunlara əvvəlcədən hazır olmaq vacibdir. Sürücülük təlimçisi Xloya Miller-Eyrd ilk elektromobilini almamışdan əvvəl bilməyi istədiyi bir sıra məqamları açıqlayıb.
Valyuta.az "Express"ə isrinadən xəbər verir ki, o, bu barədə "TikTok" platformasında paylaşım edib.
"Sonuncu avtomobil dəyişikliyimdən əvvəl geniş araşdırma aparmağa vaxtım yox idi və mənim tələblərimə uyğun yeganə variant tam elektrikli avtomobil idi. Daha əvvəl avtoşarjlı hibrid avtomobil idarə edirdim və fərqin çox böyük olmayacağını düşünürdüm. Əldə olunan rəqəmlər də məntiqli görünürdü. Seçimimə görə peşman deyiləm, amma bəzi şeyləri əvvəlcədən bilmək istərdim”, deyə Miller-Eyrd bildirib.
O, videonu avtomobil dayanacağındakı şarj stansiyasında çəkib və orada qeyd olunan “300 kVt-a qədər” ifadəsinin həmişə reallığı əks etdirmədiyini vurğulayıb:
"300 kVt yazılıbsa da, bu o demək deyil ki, siz həqiqətən bu qədər gücdə enerji alacaqsınız. Bəzən bu göstərici cəmi 24 kVt olur. Bu da batareyanın 80%-ə çatdıqda, onun qorunması məqsədilə şarj sürətinin kəskin azalması ilə bağlıdır. Amma hətta bu səviyyəyə çatmamış da, istehsalçılar tərəfindən təyin olunan limitlər səbəbilə maksimum gücü əldə etmək olmur".
Bundan əlavə, təlimçi bildirib ki, batareyanın ömrünü uzatmaq üçün onun yalnız 80%-dən istifadə etmək tövsiyə olunur:
"Bu da o deməkdir ki, avtomobilinizin yürüş məsafəsi 280 mil (təxminən 450 kilometr) kimi reklam olunsa da, əslində onun yalnız 80%-nə güvənmək olar".
O, həmçinin evdə istifadə üçün nəzərdə tutulan şarj cihazlarının “çox baha” olduğunu və quraşdırma xərclərinin 1000 ABŞ dollarını aşa biləcəyini qeyd edib. Belə qurğular olmadıqda, ictimai şarj stansiyalarından istifadə etmək lazım gəlir və bu da kifayət qədər yüksək xərc tələb edir.
Bununla yanaşı, Xloya müsbət məqamı da vurğulayıb: "Əgər ehtiyatlı sürürsünüzsə, əslində istehsalçının göstərdiyindən daha çox yürüş əldə edə bilərsiniz".
Paşa Məmmədli