AZ

 Şanlı tariximizə adını yazan qəhrəman

44 günlük haqq savaşımız zəfər tariximizin ən şanlı səhifəsidir. Çünki qeyrətli Vətən övladlarının qanı bahasına 30 il düşmən tapdağında olan müqəddəs yurd yerimiz- Qarabağımız azadlığa qovuşdu. Azərbaycanın, eləcə dünya hərb tarixinə qızıl hərflərlə yazılan  bu zəfər bizim həqiqətən qəhrəman xalq olduğumuzu  bir daha göstərdi. Ölümü ilə torpağı Vətən edən minlərlə qəhrəman oğlanlardan biri də Əmrah  Hüseynlidir. Adı milyonların dilində qəhrəmanlıq dastanına dönən, millətin başını göylərə ucaldan, özündən sonrakı nəsillərə zaman-zaman örnək olan, bizlərə Vətəni, torpağı, milləti necə sevməyi öyrədən Əmrah Hüseynli  həm də ölümündən sonra  “Vətən uğrunda”, “İgidliyə görə”, Cəbrayılın, Qubadlının, Kəlbəcərin, Xocavəndin azadlığı uğrunda medallara layiq görülüb.

İndi bütün Azərbaycan xalqının fəxri olan Əmrah Namiq oğlu Hüseynli 12 oktyabr 1994-cü ildə Cəlilabad rayonunda dünyaya göz açıb.  Vətənin çətin günündə hərbiçi olmaq arzusu onu  2010-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə aparıb. Bir çox idman növlərində qazandığı uğurları da ona yaxşı hörmət qazandırıb.  Buranı yüksək səviyyədə başa vurduqdan sonra 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində   təhsil alıb. Oranı “Taktiki kəşfiyyat qoşunları komandiri”  ixtisası üzrə leytenant hərbi rütbəsində bitirib. Seçdiyi peşəyə daha mükəmməl bələd olmaqdan ötrü  Xüsusi Təyinatlı Qüvvələrin “Təməl komanda” kurslarını keçib.   Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayan  Əmrah Hüseynli  layiqli bir övlad kimi Vətən qarşısında borcunu şərəflə yerinə yetirməklə  həm də dığalardan qisas almaq üçün məqam axtarıb.  Hərbi təlimlərdə fəal olub, mükəmməl öyrənib ki, müharibə meydanında mənfur  düşmənə öz sözünü deyə bilsin...

İkinci Qarabağ müharibəsi başlanan günü  Azərbaycan Ordusunun baş leytenantı olan Əmrah Hüseynli  “Təki Vətən yaşasın!”-deyib ən qaynar nöqtələrdə döyüşə girib. Bütün varlığı ilə bağlandığı doğma Azərbaycana  məhəbbəti sayəsində neçə-neçə ağır sınaqlardan  zəfərlə çıxıb.

Murov zirvəsi, Cəbrayıl, Füzuli rayonlarının düşmən işğalından azad edilməsi uğrunda gedən haqq savaşımızda yağıya qan qusdurub.  7 oktyabr tarixində  Xocavəndə gedən şiddətli müharibədə yanında mərmi partlaması nəticəsində ağır  yaralanıb. 4 gün hospitalda qaldıqdan sonra yeni də  yaralı halda silahdaşlarının yanına qayıdıb.  26 oktyabrda  Xocalı rayonunda Çanaqçı kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub, millətin başını göylərə ucaldıb. Vətənimizin qəhrəmanlıq tarixinə daha bir igidin adı yazılır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
12
50
ikisahil.az

10Mənbələr