AZ

"ABŞ-ın İranın nüvə proqramına zərbəsi nə dərəcədə təsirli olub?" - "Deutsche Welle"

 
"Tehranın nüvə potensialı hələ də bərpa oluna bilər..."
 
Ekspertlərin fikrincə, ABŞ-ın apardığı intensiv bombardmanlara baxmayaraq, İranın nüvə proqramı tamamilə sıradan çıxmayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) yoxlamalarını qəbul etmir, Vaşinqton isə yeni zərbələrlə hədələyir.
 
İran uranı yenidən zənginləşdirə bilər
 
MAQATE-nin baş direktoru Rafael Qrossi iyunun 28-də bəyan edib ki, İran bir neçə sentrifuqa kaskadından istifadə etməklə "bir neçə ay ərzində, hətta daha tez" uranın zənginləşdirilməsinə yenidən başlaya bilər. Bu bəyanat ABŞ prezidenti Donald Trampın iddiasını təkzib edir. Tramp demişdi ki, ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələr Tehranın nüvə proqramını "onilliklər geri atıb".
 
ABŞ-ın "Gecəyarısı çəkici" əməliyyatı və ziddiyyətli nəticələr
 
İyunun 22-də həyata keçirilən "Gecəyarısı çəkici" əməliyyatı çərçivəsində ABŞ İranın Fordo, İsfahan və Natanz şəhərlərində yerləşən üç əsas nüvə obyektinə hücum edib. Ümumilikdə 14 ədəd 13,6 tonluq GBU-57 tipli bunkerə nüfuz edən bomba və 30 ədəd "Tomahawk" qanadlı raketi istifadə olunub.
 
Silahlara nəzarət üzrə mütəxəssis, Midlberi Beynəlxalq Tədqiqatlar İnstitutunun eksperti Ceffri Lyuisin fikrincə, obyektlərə ciddi fiziki ziyan dəyib, lakin çoxsaylı texniki avadanlıqlar yerində qalıb və tam məhv olunmayıb. Onun sözlərinə görə, "hücumun effektivliyinə dair ziddiyyətlər əsasən ABŞ zərbələrinin bütün obyektlərə tam çatmaması ilə bağlıdır".
 
Ən mühüm məsələlərdən biri isə 60 faizə qədər zənginləşdirilmiş 400 kiloqram uranın aqibətidir. Lyuis bildirir ki, bu uranın əksəriyyəti hücuma məruz qalmış Fordo deyil, İsfahan yaxınlığında başqa bir məkanda saxlanılıb.
 
Fordodakı zərərin dəqiq qiymətləndirilməsi çətinləşir
 
ABŞ Silahlı Qüvvələri, obyektlərin strukturuna dair modellər əsasında zərbələrin effektivliyini proqnozlaşdırır, lakin bu modellər dəqiq olmaya bilər. Lyuis bildirir ki, "Fordoda gerçəkdə nəyin baş verdiyini yalnız MAQATE müfəttişləri əraziyə daxil olduqdan sonra öyrənmək mümkün olacaq".
 
MAQATE üçün monitorinq daha da çətinləşir
 
Prezident Tramp isə əmindir ki, İran bombardmandan əvvəl zənginləşdirilmiş uranı daşımağa vaxt tapmayıb. O, "Fox News"-a müsahibəsində bildirib ki, "Vaxt çox az idi, xəbərdarlıq da minimum idi".
 
ABŞ Dövlət katibi Marko Rubio İrana MAQATE müfəttişlərinin buraxılmasını tələb edib, lakin Tehran bu tələbləri rədd edir. Üstəlik, İran parlamenti MAQATE ilə əməkdaşlığın dayandırılmasına səs verib, səbəb kimi isə Agentliyin ABŞ və İsrailin hücumlarını qınamamasını göstərib.
 
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf iyunun 26-da dövlət televiziyasında bildirib: "Atom Enerjisi Təşkilatı obyektlərimizin təhlükəsizliyi təmin olunmayınca MAQATE ilə əməkdaşlığı dondurur".
 
"Elm və Siyasət" Fondunun (SWP, Berlin) tədqiqatçısı Həmid Rza Əzizi isə bildirir ki, bu qərar MAQATE-nin monitorinq imkanlarını daha da məhdudlaşdıracaq. Onun sözlərinə görə, ABŞ-ın 2018-ci ildə nüvə sazişindən çıxmasından sonra İran öhdəliklərini tədricən dayandırmağa başlayıb.
 
Tramp yeni hücumlar vəd edir
 
İranın ali lideri Ayətullah Əli Xamenei ABŞ hücumlarını pisləyərək onların "əhəmiyyətli nəticə vermədiyini" deyib. İran dövlət mediası obyektlərə ziyan dəydiyini etiraf etsə də, "fəlakətli nəticələrin" olmadığını vurğulayır.
 
ABŞ prezidenti Tramp isə iyunun 27-də keçirdiyi mətbuat konfransında bildirib ki, əgər İran uranı yüksək səviyyədə zənginləşdirməyə başladığı təqdirdə, "heç bir tərəddüd etmədən" yenidən hərbi zərbələr endirəcək.
Seçilən
14
50
moderator.az

10Mənbələr