Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Paşinyan Ermənistan kilsəsi, Qarabağ klanı və diasporaya bağlı qüvvələrin Rusiya dəstəyi ilə çevriliş cəhdinin qarşısını alaraq onların siyasi təsirini mərhələli şəkildə zəiflətməyə çalışır:
"Erməni xalqının taleyini, onun atacağı addımları məhz kilsə müəyyənləşdirib. Kilsə, eyni zamanda erməni toplumunun siyasi və ideoloji mərkəzi olmaqla yanaşı, terror fəaliyyətlərinin də yuvasına çevrilib. Onun maraqlarına uyğun olmayan şəxslər terror yolu ilə aradan götürülüb və qonşu xalqlara qarşı terror planları da məhz bu kilsədə hazırlanıb. İndi Paşinyan məhz bu kilsəni sarsıtmaq və təsirsizləşdirmək istəyir. O, çox yaxşı anlayır ki, kilsə öz nüfuzunu və indiki təsir imkanlarını qoruyub saxladıqca, onun hakimiyyəti daim təhdid altında olacaq. Üstəlik, Paşinyan özü də etiraf edib ki, kilsə xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq edir. Son hadisələr də göstərir ki, kilsə və onun dəstəklədiyi qruplaşmalar Ermənistanda dövlət çevrilişi cəhdində iştirak ediblər.
Hazırda baş verən həbslər də məhz həmin çevriliş cəhdləri ilə bağlıdır. Paşinyana yaxın mənbələrin verdiyi məlumata görə, bu cəhdlərin arxasında Rusiya dayanır. Rusiya kəşfiyyatı Ermənistan kilsəsi və "Qarabağ klanı" vasitəsilə Paşinyanı devirməyə çalışıb.
Lakin Paşinyan hakimiyyəti bu cəhdin qarşısını alıb və indi çevrilişdə ittiham olunan qüvvələrin - yəni Erməni kilsəsinin, Qarabağ klanının və diasporaya bağlı daşnak yönlü qrupların - mərhələli şəkildə zəiflədilməsi prosesi gedir".
Siyasi şərhçinin sözlərinə görə, Paşinyan qarşıdan gələn seçkilər ərəfəsində Ermənistanı kilsə, diaspora və xarici kəşfiyyat təsirindən azad edərək tam siyasi nəzarəti ələ keçirməyə çalışır.
"Paşinyanın əsas hədəfi xarici kəşfiyyat orqanlarına xidmət edən bu strukturları sıradan çıxarmaq, Erməni diasporunun ölkə daxilindəki təsirini məhdudlaşdırmaq və nəticə etibarilə Ermənistanda ilk dəfə olaraq kilsədən, diasporadan və xarici qüvvələrdən asılı olmayan bir siyasi sistem formalaşdırmaqdır. Qarşıdan gələn parlament seçkiləri ərəfəsində atılan bu addımlar Paşinyan hakimiyyətinin həm öz mövqeyini möhkəmləndirmək, həm də Ermənistanı yeni siyasi modelə keçirmək istiqamətində irəlilədiyini göstərir. Bu mübarizədə isə yalnız bir tərəf qalib gələcək. Əgər Paşinyan məğlub olarsa, bu, kilsə və xarici qüvvələrlə əlaqəli erməni radikal dairələrinin intiqamı ilə nəticələnə bilər və onun komandası üçün faciəli sonluq gətirər. Yox əgər Paşinyan qalib gələrsə, bu zaman hazırda ölkəni qarışdırmaq potensialına malik olan terror mərkəzləri - başda Erməni kilsəsi olmaqla - sıradan çıxarılacaq. Nəticə etibarilə, kilsənin başına Paşinyana loyal olan bir keşiş gətiriləcək, diasporanın Ermənistandakı təsiri zəiflədiləcək, xarici kəşfiyyatla əlaqəli radikal-revanşist qüvvələr gücdən salınacaq. Əgər bu proses davam edərsə və uğurla nəticələnərsə, Paşinyan Ermənistan üzərində tam siyasi nəzarət əldə etmiş olacaq".
Səidə Ramazanova