AZ

Azərbaycan mətbuatı 150 illik şərəfli inkişaf yolunu qət edib POLİTOLOQ ŞƏRH ETDİ

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyidir. Bu əlamətdar tarix ölkəmizdə söz azadlığının, ictimai fikrin və milli ideyaların təbliği sahəsində zəngin və şərəfli bir yolun təntənəsidir. Azərbaycan mətbuatı 1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetindən başlayaraq bu günə qədər mühüm tarixi mərhələlər keçmiş, xalqın maariflənməsi, milli birliyinin güclənməsi və dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda misilsiz xidmətlər göstərmişdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa tapşırığı ilə mətbuatımızın 150 illiyi ölkə miqyasında geniş şəkildə qeyd edilir. Bu, həm tarixi irsimizə verilən yüksək dəyərin göstəricisidir, həm də jurnalistlərin cəmiyyət üçün nə qədər əhəmiyyətli bir rol oynadığının dövlət səviyyəsində təsdiqidir: "Prezidentin jurnalistikaya, media mühitinə və jurnalistlərin sosial rifahına göstərdiyi davamlı diqqət, bu sahəyə verilən strateji önəmi aydın şəkildə ortaya qoyur. Son illər ərzində ölkəmizdə media sahəsində aparılan islahatlar, yeni media qanununun qəbul olunması, Medianın İnkişafı Agentliyinin fəaliyyətə başlaması, media subyektlərinin dövlət tərəfindən dəstəklənməsi, eləcə də jurnalistlər üçün inşa edilən yaşayış binaları Prezidentin medianın inkişafına verdiyi ciddi önəmin konkret nümunələridir.

Azərbaycan mətbuatı yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də artıq tanınır və izlənir. Yerli medianın informasiya müharibəsində tutduğu mövqe, xüsusilə 44 günlük Vətən müharibəsində göstərdiyi peşəkar fəaliyyət bir daha sübut etdi ki, müasir Azərbaycan jurnalistikası milli maraqları müdafiə etməyə, həqiqətləri dünyaya çatdırmağa qadirdir. Mətbuat yalnız xəbər yaymaq vasitəsi deyil, o, həm də cəmiyyətin güzgüsüdür. Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, jurnalistlərin işi həm çətin, həm məsuliyyətli, həm də şərəflidir. 150 illik yubiley bu baxımdan həm keçilən yolun qiymətləndirilməsi, həm də gələcək hədəflərin müəyyən edilməsi baxımından mühüm mərhələdir.

Bu yubiley sadəcə bir tarixi qeyd etmə deyil, həm də milli jurnalistikamızın daha da inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən media mühitinin formalaşdırılması və söz azadlığının təşviqi üçün yeni bir başlanğıcdır. Mətbuatımız bu gün də öz funksiyasını ləyaqətlə yerinə yetirir, cəmiyyətin maariflənməsində, ictimai rəyin formalaşmasında və dövlətlə xalq arasında körpü rolunu oynamaqda davam edir. Bir daha bu möhtəşəm yubiley münasibətilə bütün jurnalistləri təbrik edir, mətbuat sahəsində çalışan hər kəsə uğurlar arzulayıram. İnanırıq ki, Azərbaycan mətbuatı bundan sonra da milli maraqlar naminə fəaliyyətini peşəkarcasına davam etdirəcəkdir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
50
sia.az

10Mənbələr