AZ

Azərbaycan mediasına hücum: Kremlin məqsədi nədir?

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Moskva və Rusiyanın digər şəhərlərində Azərbaycanın xəbər agentliklərinin saytlarına giriş ilə bağlı problemlər yaranıb.

Bildirilib ki, belə problemlər Moskva, Həştərxan, Volqoqrad, Sankt-Peterburq, Voloqda, Çelyabinsk və digər regionlarda mövcuddur.

Xüsusilə, “Wi-Fi” və mobil internet vasitəsilə “Global Media Group”un - “Report.az”, “Oxu.az”, “Caliber.az” saytlarına giriş yoxdur. Həmçinin digər xəbər portallarının saytlarına girişlə bağlı problemlər yaşanır.

Qeyd edək ki, bu hal informasiya azadlığına zidd bir davranışdır.

Bəs Azərbaycana məxsus media orqanlarına qarşı belə münasibət ikitərəfli strateji əməkdaşlığa və informasiyaya çıxış hüququna necə təsir göstərir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zivəroğlu bildirib ki, Azərbaycan media resurslarına Rusiyada tətbiq edilən məhdudiyyətlərin texniki deyil, məqsədli olduğu görünür: 

“Azərbaycan xəbər portallarına, xüsusilə “Global Media Group”a məxsus “Report.az”, “Oxu.az”, “Caliber.az” kimi saytların Rusiyanın müxtəlif şəhərlərində əlçatan olmaması ilk baxışdan texniki problem kimi təqdim oluna bilər.

Lakin məsələnin miqyası və spesifikliyi göstərir ki, bu, daha çox hədəfli məhdudlaşdırma (yəni filtrasiya və ya bloklama) ehtimalını gündəmə gətirir.

Xatırladım ki, bundan əvvəl də "Global Media Group"a məxsus saytlara hücumlar olmuşdu və bu hücumların arxasında məhz rusiyalı "haker qrupları"nın durduğu ilə bağlı informasiyalar vardı. Bu hal yalnız texniki məsələ deyil, həm də siyasi və informasiya azadlığı ilə bağlı narahatedici siqnaldır”.

O bildirib ki, Azərbaycan saytlarına tətbiq olunan məhdudiyyət Rusiya tərəfindən siyasi sifarişli senzura təsiri bağışlayır:

“Bu gün Kremlin informasiya təhlükəsizliyi siyasəti çərçivəsində Rusiya ərazisində "düşmən informasiya platformaları" kimi dəyərləndirilən saytlar tez-tez bloklanır. Son günlər baș verən proseslər fonunda Azərbaycan mediası da bu çərçivəyə salına bilər.

Belə ki, saytlara girişin yalnız texniki yox, koordinasiyalı şəkildə, müxtəlif rigionlarda eyni vaxtda məhdudlaşdırılması, haqlı olaraq bu addımın siyasi sifarişlə həyata keçirildiyi qənaətini yaradır. 

Gőrünən budur ki, Rusiya dövləti öz vətəndaşlarının xarici mənbəli məlumatlarla təmasda olmasına, yəni alternativ xəbər qaynaqlarından alınan bilgilərlə tanış olmaqlarına getdikcə daha sərt yanaşır. 

Bu ifadə azadlığına və informasiya əldə etmək hüququna birbaşa müdaxilədir. Birmənalı şəkildə vurğulamalıyıq ki, Rusiya daxilində yaşayan azərbaycanlıların, o cümlədən rusdilli oxucuların öz ölkələrinin media resurslarına çıxışının qarşısının alınması, dővlət səviyyəli senzura nümunəsidir”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Açar sözlər:

Azərbaycan media Kreml Vüqar Zivəroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
50
cebheinfo.az

10Mənbələr