3–4 iyul tarixlərində Azərbaycanın Xankəndi şəhəri ilk dəfə olaraq yüksək səviyyəli beynəlxalq tədbirə -İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşünə ev sahibliyi edəcək. Bu möhtəşəm zirvə toplantısının əsas mövzusu dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regional əməkdaşlığın qurulmasıdır. Zirvə çərçivəsində təşkilata üzv 13 ölkənin dövlət və hökumət başçıları Xankəndidə bir araya gələcək. Artıq iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu məqsədlə ölkəmizə səfər edib və Azərbaycan Prezidenti İlham Əliyev ali qonağı şəxsən qarşılayıb. Liderlər əvvəlcə təkbətək görüşüb, sonra isə mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev çıxışında ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətlərini xüsusi vurğulayıb. Özbəkistanın Bakıda yeni səfirlik binasının tikilməsini, Heydər Əliyev tərəfindən ayrılmış mərkəzi ərazidə “Özbəkistan parkı”nın salınmasını və bu layihənin sürətlə həyata keçirilməsini məhz dostluğun və qarşılıqlı etimadın göstəricisi adlandırıb. Dövlət başçısı deyib ki, Bakının “Ağ şəhər” layihəsinin mərkəzində təxminən 5 hektarlıq ərazidə inşa ediləcək park və yeni səfirlik təkcə rəmzi məna daşımır, həm də şəhərimizin müasir simasına öz möhürünü vuracaq. Onun sözləri ilə desək: “Bu layihə həm vətəndaşlarımız, həm də turistlər üçün gözəl istirahət məkanı olacaq. Bəlkə də xarici turist Bakıya gəlib bu parka girsə, daha Özbəkistana getmək istəməz, çünki burada çox şey görəcək… əlbəttə, bu zarafatdır. Amma bu zarafatın kökündə də həqiqət var: münasibətlərimiz elə yaxın və səmimidir ki, hər iki ölkə bir-birini öz evi kimi görür”.
Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət xətti son illərdə xüsusilə Mərkəzi Asiya ölkələri ilə əlaqələrin daha da möhkəmlənməsinə təkan verib. Bu baxımdan Özbəkistanla münasibətlər xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasındakı əlaqələr qədim tarixə dayanır, xalqlarımızı eyni milli-mədəni köklər, ortaq dil ailəsi və ənənələr birləşdirir. Diplomatik əlaqələr 1995-ci il oktyabrın 2-də qurulsa da, qardaşlıq münasibətləri əsrlərlə əvvəl başlayıb.
Dahi özbək mütəfəkkiri Əlişir Nəvainin Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq öz əsərlərini yaratması, Bakının İçərişəhərindəki XV əsrə aid Buxara karvansarası, Qarabağlı böyük sufi Yusif ibn Məhəmmədcan Qarabağinin Səmərqənddəki məzarı bu əlaqələrin dərin köklərini göstərən nümunələrdəndir.
Sovet dövründə də bu yaxınlıq davam edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalardan qaçan on minlərlə azərbaycanlıya Özbəkistan sığınacaq verib. 1966-cı ildə Daşkənddə baş verən zəlzələdən sonra şəhərin bərpasında azərbaycanlıların fəal iştirakı, xalqlarımızın çiyin-çiyinə dayanmasının daha bir parlaq nümunəsi olub.
Tarixdə isə bəzən hər iki xalq eyni zülmə məruz qalıb. 1918-ci ildə erməni daşnaklarının Kokand vilayətində törətdiyi soyqırımı zamanı minlərlə dinc özbək vəhşicəsinə qətlə yetirilib. Eyni aqibət azərbaycanlıların da başına gətirilib - 20 Yanvar və Sumqayıt hadisələrində olduğu kimi. SSRİ dövründə Özbəkistana qarşı törədilən Fərqanə hadisələrində türk düşmənçiliyi açıq şəkildə üzə çıxıb.
Müstəqillik illərində isə münasibətlər yeni mərhələyə qədəm qoyub. Bu dövrdə həm Ümummilli Lider Heydər Əliyevin, həm də Özbəkistanın sabiq prezidenti İslam Kərimovun xüsusi rolu olub. İslam Kərimovun 1996-cı ildə Azərbaycana ilk rəsmi səfəri və Heydər Əliyevin 1997-ci ildə Özbəkistana cavab səfəri zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb, münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Heydər Əliyevin sözləri ilə desək: “Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun”.
1996-cı ildə Bakıda, 1998-ci ildə isə Daşkənddə qarşılıqlı səfirliklərin açılması əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verdi. Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev də münasibətlərin inkişafına xüsusi önəm verdi. 2004-cü ildə imzalanan strateji tərəfdaşlıq bəyannaməsi Özbəkistanın Qarabağ məsələsində Azərbaycanın mövqeyini birmənalı dəstəklədiyini təsdiqlədi.
Bu dəstək yalnız siyasi müstəvidə qalmadı, həm də əməli addımlarla özünü göstərdi. Məsələn, işğaldan azad edilmiş Füzulidə Özbəkistan tərəfindən inşa edilən, 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 nömrəli məktəb Azərbaycan torpaqlarında qurulan ilk belə dostluq nümunəsi oldu. 2023-cü ilin avqustunda məktəbin açılış mərasimində Azərbaycan və Özbəkistan prezidentlərinin, xanımlarının iştirakı dostluğumuzun yüksək səviyyədə olduğunu göstərdi.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin son illərdə Azərbaycana ardıcıl səfərləri də münasibətlərin yüksələn xətlə inkişaf etdiyini təsdiqləyir. O, həm Şuşada Türk Dövlətləri Təşkilatının zirvə görüşündə, həm də COP29 çərçivəsində Bakıda keçirilən tədbirdə iştirak edib. Sonuncu görüş zamanı yaşıl enerji üzrə üçtərəfli strateji sazişin imzalanması isə əməkdaşlığımızın gələcək perspektivlərini daha da genişləndirdi.
Şavkat Mirziyoyevin iyulun əvvəlindəki səfəri çərçivəsində yeni səfirlik binasının açılması, Bakının mərkəzində “Özbəkistan” parkının təməlqoyma mərasimi isə münasibətlərimizin yalnız siyasi deyil, mədəni, sosial və mənəvi məzmun daşıdığını göstərir. Prezident İlham Əliyevin sözləri ilə desək, bu layihələr şəhərimizin simasında yeni izlər buraxacaq və həm vətəndaşlarımız, həm də turistlər üçün unudulmaz məkan olacaq.
Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq sadəcə iki dövlət arasındakı əməkdaşlıq deyil, türk dünyasının həmrəyliyinin, tarixdən gələn dostluğun və qarşılıqlı hörmətin parlaq nümunəsinə çevrilib. Xankəndidə keçiriləcək İƏT Zirvə görüşü isə bu dostluğun daha geniş regional əməkdaşlıq çərçivəsində inkişaf etdirilməsinə xidmət edəcək.
Bugünkü reallıq göstərir ki, xalqlarımızı yalnız ortaq tarix, dil və mədəniyyət deyil, həm də eyni məqsədlər, eyni dəyərlər birləşdirir. Bu dəyərlər üzərində qurulmuş münasibətlərimiz daha çox parkların, məktəblərin, yeni layihələrin təməlində görünəcək və gələcək nəsillərə əbədi miras qalacaq. Azərbaycanın və Özbəkistanın strateji tərəfdaşlığı zamanın sınağından çıxmış dostluğun müasir dünyada parlaq nümunəsidir.
Şahanə Rəhimli
Musavat.com