AZ

Xankəndidə yeni dövrün başlanğıcı: Rusiyaya və dünyaya SİYASI MESAJ - ŞƏRH

Bu gün, iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi — bu, həm regional həm də beynəlxalq səviyyədə əhəmiyyətli bir hadisədir.

Prezident İlham Əliyev başqa ölkələrin dövlət və hökumət başçılarını qarşılayaraq zirvəyə start verdi və açılış nitqi ilə davam etdi. O, bu görüşün Qarabağda — Xankəndidə keçirilməsinin simvolik dəyərinə xüsusi diqqət yetirdi, qeyd etdi ki, bu, Azərbaycanın azad edilmiş ərazilərdə nəinki bərpa işləri apardığını, eyni zamanda orada beynəlxalq etimadı qazandığını sübut edir.

Görüşdə Türkmənistan, Özbəkistan, Qırğızıstan, Pakistan, Şimali Kipr Türk Respublikası, Türkiyə kimi ölkələrin prezidentləri və baş nazirləri iştirak edib.

Maraqlıdır görəsən, liderlərin Xankəndində baş tutan bu görüşü dünyaya bir mesaj idi? Rusiya artıq bölgədə təklənir? Turkustan.az olaraq bu suallarımızı politoloq Vəli Əlibəyova ünvanladıq. Ekspert bildirdi ki, bəli, Xankəndində liderlərin görüşü bir mesaj idi.

Seçki

Vəli Əlibəyov

Amma bu, təkcə Rusiyaya verilmiş bir mesaj deyildi. Əlbəttə, Rusiya bölgədə təklənmiş vəziyyətdədir. Artıq demək olar ki, Rusiya bölgədə mövcudluğunu itirib. Faktiki olaraq yalnız Ermənistandakı hərbi bazası qalıb və bu da daha çox simvolik xarakter daşıyır. Həmçinin bir qədər Gürcüstanda da mövqeləri var, amma ümumi mənzərəyə baxdıqda, əvvəlki illərlə müqayisədə Rusiya bölgədə demək olar ki, yox səviyyəsindədir.

Lakin Xankəndindəki görüşün əsas məğzi ondan ibarətdir ki, birincisi, Azərbaycan artıq öz ərazisində regionun aparıcı və güclü dövlətlərinin liderlərini toplaya biləcək gücə malikdir. Azərbaycan siyasi proseslərdə artıq yüngül piyada deyil; əksinə, bu proseslərin istiqamətini müəyyənləşdirən əsas oyunçuya çevrilib.

İkinci mesaj isə ondan ibarətdir ki, bölgədəki vəziyyəti və problemləri artıq hansısa kənar dövlət yox, məhz Azərbaycan və Xankəndində görüşən dövlət başçıları özləri həll edəcəklər. Yəni kənar qüvvələrin bu prosesə müdaxiləsi artıq mümkün deyil. Tədbirin Xankəndində keçirilməsi özü də simvolik məna daşıyır. Azərbaycan bununla göstərmək istəyir ki, o, öz təhlükəsizliyini təmin etməyə qadirdir. 30 ildən çox davam edən işğala son qoydu, ərazilərini azad etdi və bununla kifayətlənməyib, həmin ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinə başladı.

Qısa müddət ərzində orada dövlət səviyyəli tədbirlərin keçirilməsi Azərbaycanın gücünün, imkanlarının və siyasi-iqtisadi potensialının göstəricisidir. Bu, eyni zamanda həm Ermənistana, həm də Gürcüstana ünvanlanmış mesajdır ki, regionun aparıcı dövləti Azərbaycandır. Ermənistan əgər məhv olmaq istəmirsə, Azərbaycanla anlaşmalı, Konstitusiyasında dəyişikliklər edib tez bir zamanda sülh müqaviləsi imzalamalıdır. Bundan əlavə, Zəngəzur dəhlizi də açılmalı və fəaliyyətə başlamalıdır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
2
50
turkustan.az

10Mənbələr