AZ

Azərbaycan və Özbəkistanın strateji tərəfdaşlığı

Bu gün ölkəmiz qarşıya qoyduğu strateji hədəflərə ardıcıl şəkildə nail olaraq, regionun əsas aparıcı aktorlarından birinə çevrilib. Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunmasında mühüm rol oynayan ölkəmiz, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminində də etibarlı tərəfdaş kimi tanınır. Müstəqil daxili və xarici siyasət kursu, regional təşəbbüsləri, sülh və əməkdaşlığa verdiyi töhfələr sayəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzunu getdikcə artırır.

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Təsadüfi deyil ki, Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. İki ölkənin diplomatik münasibətlərinin 1995-ci ildə qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Məhz müstəqillik illərində Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri var. Bu gün isə Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır.

Azərbaycan - Özbəkistan arasında münasibətlər tarix, dil, din və mədəni dəyərlərə əsaslanan qardaşlıq təməli üzərində qurulub. Hər iki xalq türkdilli dünyaya mənsubdur. Bütün bunlar göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə diplomatik deyil, həm də qardaşlıq və strateji müttəfiqlik xarakteri daşıyır. Son illərdə bu münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin 2004-cü il martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”, 2022-ci ilin iyunun 21-də imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”, eləcə də 2024-ci ilin avqustun 23-də imzalanmış “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ikitərəfli əməkdaşlığın hüquqi bazasını gücləndirib. Bu mühüm sənədlərdən sonra ölkələrimiz arasında siyasi dialoq intensivləşib, iqtisadi əlaqələr genişlənib, mədəni-humanitar əməkdaşlıq yeni dinamika qazanıb. Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir, qlobal və regional miqyasda ortaq mövqelər nümayiş etdirirlər.

Azərbaycan–Özbəkistan münasibətləri yalnız iki dövlətin maraqlarını deyil, həm də bütövlükdə Türk dünyasının birliyini və gələcəyini əks etdirən strateji əməkdaşlıq modelidir. Tarixi bağlar, ortaq dəyərlər, siyasi etimad və iqtisadi sinerji bu münasibətləri unikal və davamlı edən əsas sütunlardır. Bu əlaqələr bölgədə sülhün, inkişafın və ortaq gələcəyin əsas təminatçılarındandır.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Seçilən
9
50
redaktor.az

10Mənbələr