“Qəbələ”nin idman direkotru Səbuhi Səfiyarlı klubun akademiyasnın fəaliyyətini dayandırması ilə bağlı danışıb.
O, QOL.az-a açıqlamasında bildirib ki, bundan sonra aşağı yaş qrupları üzrə komandalar fəaliyyətini davam etdirsələr də, akademiya sistemi olmadığı üçün istedadlı futbolçuların kluba cəlb edilməsi mümkün olmayacaq:
“Bundan sonra akademiya fəaliyyəti olmayacaq. Yataqxanada gündəlik 70-80 uşaq qalırdı. Onlar qida ilə təmin olunurdu. İndi isə digər klublarımız necə, bizdə də elə olacaq. Bu isə o deməkdir ki, qıraqdan istedadlı uşaqlar gətirmək imkanı olmayacaq. Sırf Qəbələdən olan usaqlarla AFFA-nın liqalarında çıxış edəcəyik”.
Klub rəsmisi bildirib ki, lisenziyalaşdırmanın tələblərinə görə bütün yaş qrupları üzrə komandalar AFFA-nın liqalarında iştirak etməlidir: “Yəni buna görə bizdə də komandalar qalacaq. Belə deyək ki, yola verəcəyik. Digər klublar necə, biz də elə. Amma indiyə qədər akademiya sistemi var idi. Regionlardan seçimlər edirdik. Hər yaş qrupundan 7-8 istedadlı uşağı akademiyaya gətirirdik. Çoxu da aşağı yaş qrupları üzrə millilərimizin üzvləri idi. İndi o sistem olmayacaq. Sadəcə lisenziyalaşdırmanın tələblərinə görə qruplar düzəldəcəyik”.
S.Səfiyarlı akademiyanın nəzdində olan meydançaların aqibəti ilə bağlı isə deyib: “Hazırda 6 meydançamız var. Bundan sonra ola bilər ki, onların bəzilərini bağlayaq. Çünki bu meydançaların hamısına baxmaq da əlavə xərc tələb edir”.
“Qəbələ” rəsmisi məsələyə AFFA-nın necə yanaşması ilə bağlı sualı da cavablandırıb: “Ötən mövsüm 1-ci liqaya düşəndə kömək etmişdilər. Həmin vaxt müraciət etmişdik, xərclərin müəyyən hissəsini ödəmişdilər. Amma biz ötən mövsüm də büdcə ilə bağlı çox əziyyət çəkdik. İndi isə rəsmi müraciət etmədik. Əslində bilirdilər ki, belə bir addım atılacaq. Amma AFFA-nın belə bir borcu da yoxdur ki, bizə kömək etsin”.