“Məlum qərar ötən mövsümün əvvəlində verilə bilərdi. Sadəcə AFFA-nın ayırdığı 700 min manat bizə 1 illik dəstək oldu”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı deyib.
Bölgə təmsilçisinin yaydığı bəyanat səmada şimşək effekti verdi.
2005-ci ildə yaradılan və son 20 ildə ölkənin bir nömrəli akademiyası kimi tanınan “Qəbələ” Futbol Akademiyasının fəaliyyətini dayandırması Azərbaycan futbolunun gələcəyi adına ciddi zərbədir.
Ölkə futboluna cavabdehlik daşıyan AFFA-nın çətin vəziyyətdə akademiyaya yardım edəcəyini gözləsək də, əksi baş verdi. Bölgə təmsilçisinə büdcədən yardım vəsaiti ayırmadığından, rəhbərlik bu qərarı vermək məcburiyyətində qaldı.
Səfiyarlı bu cür durumun yaranmasında dövlət tərəfindən klublara ayrılan vəsaitin azaldılmasının böyük rol olduğunu gizlətməyib:
“Ayrılan 700 min manat onsuz da akademiyanın bütün xərclərini qarşılamırdı. Yerdə qalan hissəni borc-xərc etməklə ödəmişdik. Beləliklə, ötən mövsümü çətinliklə də olsa başa vura bildik.
Düşünürdük ki, növbəti mövsüm üçün ayrılan 3 milyon manatın müəyyən hissəsi ilə borcları qaytararıq. Lakin vəsaitin 3 milyondan, 2,5 milyon manata endirilməsi klubu çətin vəziyyətə saldı. Çox götür-qoy edəndən sonra məcbur olub bu qərarı verdik”.
Bu barədə AFFA rəhbərliyi ilə müzakirə aparılıb? “Qəbələ” assosiasiyadan növbəti dəfə hansısa formada dəstək istəyib?:
“Təbii ki, AFFA rəsmiləri məsələdən xəbərdar idi. Əvəzedicilər Liqasının keçirilməsi ilə bağlı klubun fikrini öyrənəndə, maddi durumun ürəkaçan olmadığını bildirmişdik. Çünki əvəzedici komandanı 1 il saxlamaq 300-350 min manat tələb edir.
Ona görə də klubların əksəriyyəti Əvəzedicilər Liqasının keçirilməsinə qarşı idi. Lakin yekunda liqanın təşkilinə dair qərar verildi. Bunun özü də əlavə 300-350 min manat məcburi xərcə düşməyimiz deməkdir.
500 min manat dövlət yardımından azaldı, 300-350 min manat əvəzedici komandaya ayırmağa məcburuq. Bu xərcləri qarşılayanda akademiyaya ayırmağa pul qalmayacaq.
Qərardan bir gün əvvəl “Qəbələ” rəhbərliyi ilə AFFA rəhbərliyi arasında akademiyanın fəaliyyətini dayandırmaq üzrə olması barədə danışıq olmuşdu. Yəni bu barədə məlumat verilmişdi”.
HƏBİB