ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son zamanların yeni trendi – Keto (və ya ketogen) pəhriz təkcə Azərbaycanda deyil, dünyada getdikcə yayılır. Xüsusilə də bu pəhriz növünün bağırsaq xərçənginin qarşısını alması barədə xəbər ortaya çıxınca istifadəçilər arasında daha da populyarlaşdı.
Keto pəhriz – karbohidratlardan imtina edib, yağlı yeməklərdən istifadə etməklə tez bir zamanda kilo verməyə imkan verir. Karbohidrat almayan orqanizm ketoz rejimə keçir və karbohidratlardan topladığı şəkər yerinə, enerji əldə etmək üçün yağları yandırmağa başlayır.
Sağlam adamlar da infarkta səbəb ola bilər
Amma bu pəhrizin fəsadları xeyrindən daha çox imiş. Belə ki, karbohidratlardan tamamən imtina edib, yağlı yeməklərə keçmək gənc yaşda infarkt riskini artıra bilər. Karbohidratların ciddi şəkildə məhdudlaşdırıldığı pəhriz yüksək proteinlidir. Bu pəhriz hətta 30-35 yaşlarında indiyədək heç bir şikayəti olmayan sağlam adamlarda da infarkta səbəb ola bilər.
Mütəxəssislər qeyd edirlər ki, keto kimi həddindən artıq məhdudlaşdırıcı pəhrizlərə uzun müddət riayət etmək qanda xolesterinin səviyyəsinin kəskin artmasına, qan damarlarının zədələnməsinə, xroniki iltihaba və damarların daralmasına səbəb ola bilər. Bu faktorlar infarkt və insultun əsas tətikləyiciləridir. Belə ki, qırmızı ət və yağlı pendir, kərə yağı kimi heyvan mənşəli məhsullarda çoxlu doymuş yağ var. Onların qida rasionunda çox olması damarlarda tıxanmaların əmələ gəlməsinə səbəb ola bilər.
News24.az xəbər verir ki, mövzuyla əlaqədar Bizim.Media-ya açıqlama verən dietoloq Sabir Verdiyev bildirir ki, bu pəhrizdən uzun müddət istifadə edənlər bilməlidirlər ki, itirilmiş kilo əsasən orqanizmin su itkisi ilə əlaqəlidir.
“Uzunmüddətli keto pəhrizi ürək və böyrəklər də daxil olmaqla bir sıra orqanları sıradan çıxarır. Xüsusən də hüceyrə qocalmasına səbəb olur. 18 yaşdan aşağı şəxslər və diabet xəstələri belə bir pəhriz qətiyyən saxlamamalıdırlar. Keto pəhrizinə başlamaq istəyənlər xolesterol səviyyəsi və ürək xəstəliyi riski haqqında məlumatlı olmalıdırlar”.
Dietoloq bildirir ki, ümumiyyətlə sosial şəbəkələrdə kor-təbii şəkildə pəhriz nümunələri görən istifadəçilər orqanizmlərini tanımadan dərhal əməl etməyə başlayırlar ki, bu da fəsadlarla nəticələnir.
“Hətta dietoloqlar arasında pəhriz növləri, içkiləri təklif edənlər var. Peşəkar dietoloq bunu edə bilməz. İşini bilən mütəxəssis yaxşı dərk edir ki, pasientin ümumi qan analizi, xroniki xəstəliklər müşahidəsi olmadan hər hansı təklif etmək onun sağlamlığına ciddi ziyandır. Bir pəhrizi bütün insanlara eyni şəkildə tətbiq etmək olmaz. Ona görə də pəhriz saxlamaq istəyənlər əvvəlcə həkimlə məsləhətləşməli, öz orqanizmlərini, onun həssaslıq dərəcəsinin tanımalı sonra istifadəyə başlamalıdırlar”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.