AZ

Strateji müttəfiqlik münasibətlərinə mühüm töhfə


Türküstan (Mərkəzi Asiya) türkləri arasında özbəklər Azərbaycana qarşı xüsusi sevgiləri ilə fərqlənirlər. Azərbaycan və Özbəkistanı eyni soykök və ortaq mədəni, mənəvi əlaqələr birləşdirir. İki ölkənin liderlərinin qarşılıqlı səfərləri isə Azərbaycan-Özbəkistan münasibətlərini getdikcə daha da möhkəmləndirir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də Bakıdan başlayan və Xankəndidə davam edəcək Azərbaycana növbəti səfəri isə strateji müttəfiqlik münasibətlərimizə mühüm töhfə verəcək.

Səfər əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda “Özbəkistan” parkının təməlini qoydular. Paytaxtdakı Ağ Şəhərdə salınacaq bu park Azərbaycan və Özbəkistan dövlətləri və xalqları arasında tarixən mövcud olan qardaşlığın, dostluğun daha bir rəmzinə çevriləcək. Həmçinin, iki ölkə liderləri Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak etdilər. Dövlət başçıları Özbəkistan səfirliyinin yeni binasının açılışını bildirən rəmzi lenti kəsdilər. Bina ilə tanışlıqdan sonra İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar. İstər "Özbəkistan" parkının salınması, istərsə də paytaxtımızın ən gözəl yerlərindən birində Özbəkistan səfirliyinin yeni binasının açılışının gerçəkləşdirilməsi sözsüz ki, ölkələrimizin və xalqlarımızın mədəni-siyasi əlaqələrini daha da möhkəmləndirəcək.

Azərbaycan və Özbəkistan artıq iki ildir ki, rəsmi müttəfiqdir. Mirziyoyevin Bakıya səfərinin nəticələri və Ali Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrinin müzakirə edilməsi münasibətlərimizin strateji, müttəfiqlik xarakterini təsdiqləməklə yanaşı, həm də ən müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyev özbək həmkarı Şavkat Mirziyoyevlə birlikdə mətbuata bəyanatla çıxış edərkən, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədiklərini bildirdi: "Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq iki ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk".

Dövlətimizin başçısı, həmçinin mətbuata bəyanatında Özbəkistan iqtisadiyyatına investisiyaları prioritet elan etdi. Bu da olduqca mühüm məqamdır. Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə etdiyimizi və bu qardaş ölkənin beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə şad olduğumuzu bildirən Prezident İlham Əliyev, eyni zamanda, qarşılıqlı investisiyaların həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətinin bir daha təsdiqləndiyini və hazırda Özbəkistana investisiyaların bizim üçün prioritet olduğunu bildirdi: "Həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq. Özbəkistana investisiyalar bizim üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir. Təsadüfi deyil ki, Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir".

Cənab Prezident çıxışında Qarabağın bərpasına göstərdiyi köməyə görə özbək həmkarına təşəkkür etməyi də unutmadı. O bildirdi ki, Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub: "Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar".

Yeri gəlmişkən, erməni işğalından azad edilmiş ərazilərdə Özbəkistanın sərmayəsi ilə ərsəyə gətirilən ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir. Prezident İlham Əliyev bildirdi ki, "yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Biz buna görə çox minnətdarıq və bunu çox yüksək qiymətləndiririk".

Bu arada, Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikini birgə ziyarət etmək Azərbaycan və Özbəkistan liderlərinin bugünkü Xankəndi səfərinin proqramına da daxil idi. Belə ki, iyulun 3-də Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə yaxından tanış oldular. İşğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlarımızın işlə təmin olunmasında önəmli rol oynayacaq Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkənin dövlət başçılarının tapşırıqları əsasında həyata keçirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan bu tikiş fabriki ölkələrimiz arasında uğurlu əməkdaşlığın rəmzidir.

Azərbaycanla Özbəkistan arasında münasibətlərin strateji müttəfiqlik mərhələsinə qədəm qoyduğunu təsdiqləyən və iqtisadi tərəfdaşlıq əlaqələrimizin inkişafına xidmət edən bu cür layihələrin sayı getdikcə artacaq. Bu cür birgə layihələr və qarşılıqlı dəstək təşəbbüsləri Azərbaycan-Özbəkistan münasibətlərini bütün Türk dünyası üçün müsbət örnəyə çevirir. İki ölkənin liderləri arasında mövcud olan qarşılıqlı hörmət və dərin inam hissi isə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birlik və həmrəyliyi daha da gücləndirir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Seçilən
12
50
newscenter.az

10Mənbələr