AZ

Trampın Zəngəzur dəhlizi TƏKLİFİ

Yazını böyüt
Yazını kiçilt

“Ermənistanın hazırkı rəhbərliyi Qərb yönümlü layihə kimi xarakterizə oluna bilər. Bu səbəbdən, ABŞ və Qərb dairələrinin Ermənistan üzərindən Cənubi Qafqazda öz maraqlarını həyata keçirmək istəyi mümkündür. ABŞ bu prosesə bəzən "arxa qapı diplomatiyası" ilə, yəni dolayı yollarla daxil olmağa çalışır”.

Bunu hafta.az  siyasi ekspert Azər Hüseynov ABŞ prezidenti Donald Trampın “Zəngəzur dəhlizi təklifi” və bunun nə dərəcədə real olması ilə bağlı yayılan məlumatlarla bağlı şərhində bildirib.

“Zəngəzur dəhlizinin açılması məsələsi kommunikasiya xətləri və regiondakı malların, xidmətlərin hərəkəti baxımından son dərəcə mühüm əhəmiyyət daşıyır. Atəşkəs Bəyanatı imzalandığı dövrdə Ermənistan və Azərbaycan arasında müəyyən reallıqlar vardı. Ancaq bu gün geosiyasi mənzərə köklü şəkildə dəyişib.

Rusiya–Ukrayna müharibəsi, Trampın ABŞ-da yenidən hakimiyyətə gəlməsi və onun son dövrlərdə Rusiya ilə bağlı atdığı addımlar qlobal siyasətdə yeni istiqamətlərin formalaşdığını göstərir. Trampın xarici siyasəti əsasən biznes və maliyyə maraqları üzərində qurulan imperativlərlə idarə olunur. Bu baxımdan, Trampın Cənubi Qafqazda fəallaşmaq cəhdləri də daha çox iqtisadi və geosiyasi motivasiyalara söykənir”.

Ekspert hesab edir ki bununla belə, Rusiyanın məsələyə baxışı fərqlidir. Rusiya Cənubi Qafqazı özünün tarixi təsir bölgəsi hesab edir. Bu səbəbdən, Kremlin mövqeyi və hərəkətləri konkret situasiyalara bağlı olaraq dəyişə bilər. Güzəştlər belə, yalnız situativ zərurət nəticəsində verilə bilər.

Ekspert hesab edir ki, Tramp və onun administrasiyası bu kontekstdə Rusiyaya qarşı həm jest, həm də təzyiqlərlə ABŞ maraqlarının dəhliz layihəsinə daxil edilməsini təmin etməyə çalışacaq.

Onun sözlərinə görə,  Azərbaycan üçün burada əsas məsələ düzgün geosiyasi tərəfdaşın seçilməsidir. Dəyişən beynəlxalq şərtləri düzgün oxuyaraq, milli maraqlara uyğun seçim edilsə, bu layihənin reallaşması nəinki təhlükə yaratmaz, əksinə Azərbaycan üçün mühüm strateji üstünlüklər təmin edə bilər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Azərbaycan və Ermənistan tərəflərinə Zəngəzur dəhlizi ilə bağlı öz planını təqdim edib. Bu plan hələlik tam açıqlanmayıb və ciddi məxfilik rejimində saxlanılır. Lakin birə sıra kanallar vasitəsilə bəzi detallar mətbuata sızdırılıb.

Bu barədə ABŞ-ın Karnegi Fondu (Carnegie Foundation) nəzdində Cənubi Qafqazda münaqişələr və təhlükəsizlik məsələləri üzrə ekspert Olesya Vartanyan diplomatik dairələrdəki mənbələrə istinadən məlumat verib.

Ekspertin sözlərinə görə, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması kursunu davam etdirir. Bir neçə gün əvvəl baş nazir Nikol Paşinyan ilk dəfə bu ölkəyə səfər edib və İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunub.

“Müəyyən nəticələrin olmamasına baxmayaraq, İrəvan dialoqu davam etdirməyə daha çox hazırdır, çünki hesab edir ki, bu, Azərbaycanla yeni münaqişə risklərini azaldacaq və Ermənistana regionun nəqliyyat sistemində tranzit rolunu qaytaracaq”, - deyə müəllif yazır.

Vartanyanın müşahidələrinə görə, Türkiyə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını qaçılmaz proses kimi görür və bunun Cənubi Qafqazda Ankaranın iqtisadi və siyasi təsirini genişləndirəcəyinə inanır. Amma Türkiyənin strateji prioriteti - Azərbaycanla sıx tərəfdaşlıq dəyişməz qalır. Bu isə Ermənistan-Türkiyə siyasi dialoqunda kövrək irəliləyiş üçün müəyyən risk yaradır, xüsusilə Ermənistan-Azərbaycan sərhədində gərginlik hələ də qalır.

Karnegi Fondunun eksperti qeyd edir ki, Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşdırılması yalnız Azərbaycanla yeni münaqişə riskini azaltmayacaq, həm də müsbət iqtisadi imkanlar yaradacaq. Lakin hazırda əsas həll olunmamış məsələ regionda nəqliyyat kommunikasiyalarının açılmasıdır.

Azərbaycanı onun Naxçıvan bölgəsi ilə birləşdirən və Ermənistan ərazisindən keçən marşrut (Zəngəzur dəhlizi - red.) gələcəkdə Asiyanı Avropa ilə birləşdirən beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsinə çevriləcək. Türkiyə üçün isə bu layihənin həyata keçirilməsi Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə birbaşa əlaqə deməkdir.

Amerikalı ekspertin yazdığına görə, Ermənistan üçün bu layihədə iştirak son dərəcə vacibdir. XX əsrin 90-cı illərində Birinci Qarabağ müharibəsindən sonra onun sərhədləri həm Türkiyə, həm də Azərbaycanla bağlı qalır. Bu isə Ermənistanı faktiki olaraq regiondakı bütün böyük nəqliyyat və enerji layihələrindən kənarlaşdırıb.

2020-ci ildə İkinci Qarabağ müharibəsində məğlubiyyətdən və sonra Ermənistanın muxtar vilayətinin Azərbaycanın siyasi xəritəsindən tamamilə yox olmasından sonra İrəvan heç olmasa qismən təcriddən çıxmağa can atır. İlk növbədə sərhədlərin açılması ilə. Artıq bir neçə ildir ki, Nikol Paşinyan Ermənistan ərazisindən tarixi keçmişi olan bütün nəqliyyat marşrutlarını bərpa edib istifadə etməyi təklif edərək “Sülh qovşağı” təşəbbüsünü irəlilətməkdədir.

Bakı isə ümumilikdə belə ssenariyə qarşı deyil. Amma israr edir ki, başlanğıc məhz Azərbaycanı Naxçıvanla birləşdirən cənub yolunun açılmasından olmalıdır. Bu layihə Bakının təklifi ilə İkinci Qarabağ müharibəsinin dayandırılması barədə üçtərəfli bəyanata daxil edilib. Həmin sənəd Moskvanın vasitəçiliyi ilə imzalanıb və gələcəkdə marşrutun idarə olunmasında Rusiyanın iştirakını nəzərdə tuturdu. Amma bu gün İrəvan belə sxemə qarşı çıxır və bütün məsələlərə - gömrük rüsumlarından və pasport nəzarətindən tutmuş təhlükəsizlik məsələlərinə qədər - özü nəzarət etmək niyyətində olduğunu bəyan edir.

Bakı isə cavab verir ki, hakimiyyət Ermənistanda dəyişərsə, taleyi sual altında qala biləcək nəqliyyat layihəsinə sərmayə qoymağa hazır deyil. Ona görə də Azərbaycan dəhlizin sabit işləməsinə cavabdeh olacaq xarici zəmanətçinin cəlb olunmasını tələb edir.

Belə mövqeni görünür, Türkiyə də bölüşür, baxmayaraq ki, İrəvan hələ də Ankaranı Ermənistanın marşruta tam nəzarət hüququnu tanımağa inandırmağa ümid edir.

Qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan danışıqları illərində tərəflər ən çox Avropa vasitəçilərinin səyləri nəticəsində kompromisə yaxınlaşıblar. Bir neçə il əvvəl Avropa İttifaqı 2008-ci il müharibəsindən sonra Rusiya ilə Gürcüstan arasında yaradılan presedenti əsas götürərək nəqliyyat marşrutlarının idarə edilməsini müstəqil xarici şirkətə verməyi təklif etdi. Həmin vaxt söhbət Abxaziya və Cənubi Osetiya vasitəsilə yükdaşımalar barədə gedirdi və nəzarəti mütəmadi olaraq bütün maraqlı tərəflərlə məlumat mübadiləsi aparmağa borclu olan İsveçrə operatoru həyata keçirməli idi.

Vəziyyətin mühüm fərqlərinə baxmayaraq, bu mexanizm Ermənistan və Azərbaycana da təklif olunmuşdu. Amma müzakirələrdə irəliləyişə nail olunmadı. Əvvəlcə Aİ-nin cəhdləri Ermənistan-Azərbaycan sərhədində yeni gərginlik dalğası səbəbindən pozuldu, daha sonra isə 2023-cü ildə Qarabağda eskalasiya baş verdi.

“Bu gün danışıqları ABŞ canlandıra bilər, - deyə Olesya Vartanyan yazır. - İki xarici diplomatın mənə bildirdiyinə görə, dünya üzrə münaqişələrin həllinə yönəlmiş kurs götürən Donald Tramp administrasiyası Ermənistana və Azərbaycana öz planını təklif edib. Ümumi xətlər üzrə o, Aİ-nin təkliflərini təkrarlayır, amma Amerika məntiqinə əsaslanır: sazişin dayanıqlığını ABŞ biznesinin birbaşa iştirakı hesabına təmin etmək. Yəni Ukraynada nadir metallar üzrə razılaşmanın nümunəsinə uyğun olaraq”.

Vartanyanın fikrincə, prosesi tərpətmək üçün Vaşinqton kifayət qədər ciddi səylər göstərməli olacaq. Birinci variant — Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı tələblərindən imtina etməsinə nail olmaq — ekspertin fikrincə, az realdır. Daha mümkün ikinci variant isə Vaşinqtonun İrəvana təzyiq göstərməsi və Ermənistanın ABŞ-ın təklif etdiyi “Zəngəzur dəhlizi” modelinə razı olmasına nail olmasıdır. Bu isə, çox güman ki, Ermənistanın yaxın vaxtlarda hərtərəfli sülh sazişinə və beləliklə bütün sərhədlərin açılmasına və uzunmüddətli təcridin sona çatmasına ümidlərindən imtinası demək olacaq.

Seçilən
4
50
hafta.az

10Mənbələr