AZ

İƏT ölkələrini təmsil edən iş adamları Ağdam Sənaye Parkına səfər ediblər

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

İqtisadiyyat Nazirliyi tərəfindən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin biznes təmsilçilərinin Ağdam Sənaye Parkına səfəri təşkil edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq təşkil edilən “İƏT Həftəsi” çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin biznes nümayəndələrinin Ağdam Sənaye Parkına səfəri təşkil edilib.

İƏT ölkələrini təmsil edən iş adamlarına işğaldan azad olunmuş ərazilərimizin ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, bu ərazilərin iqtisadi potensialının reallaşdırılması Azərbaycanın əsas hədəflərindəndir. Bu məqsədlə dövlət başçısının rəhbərliyi ilə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün müxtəlif güzəşt və imtiyazlar tətbiq olunur. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə yaradılmış sənaye zonaları sahibkarlara böyük iqtisadi fürsətlər təqdim edir. Dövlət sənaye parklarını hazır infrastrukturla təmin edir. Rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar. Həmçinin işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin kreditlərinə dövlət zəmanəti verilir və faizlərin bir hissəsi subsidiyalaşdırılır. Bu ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara hər ay istehlak olunan kommunal xidmətlərə görə ödədikləri vəsaitin 20%-i məbləğində dövlət büdcəsi hesabına maliyyə yardımı ödənilir.

İş adamları Ağdam Sənaye Parkındakı müəssisələrin fəaliyyəti ilə tanış olublar. Qeyd olunub ki, əlverişli coğrafi mövqedə yerləşən və 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının hazırda 70%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. Parkın prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı və qida məhsullarının istehsalı və emalı, yem, gübrə istehsalı, eyni zamanda, xidmət sahələrinin təşkilidir. Sahibkarların artan marağının göstəricisidir ki, bu sənaye parkı rezidentlərin sayına görə ölkədə fəaliyyət göstərən 9 sənaye parkı arasında ikincidir. Burada istehsal olunan məhsullar daxili bazara yönləndirilməklə yanaşı, ixrac edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
2
xalqqazeti.az

3Mənbələr