BAKI, 3 iyul. TELEQRAF
Muzey Mərkəzində "Azərbaycan Dövlət Rəsm Qalereyası"nın təşkilatçılığı ilə “Sənin adın nədir?” - Gənc Rəssamların ilk tanıtım sərgisinin rəsmi açılış mərasimi baş tutub.
Teleqraf xəbər verir ki, sərginin ekspozisiyasında 67 gənc rəssamın rəngkarlıq, heykəltaraşlıq, dekorativ tətbiqi sənət, instalyasiya və video-artsənətində əsərləri yer alır.
Sərgidə təqdim olunan əsərlər abstrakt və simvolik yanaşmalardan tutmuş realizm və eksperimental texnikalara qədər fərqli üslubları özündə birləşdirir.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov sərginin açılış mərasimində çıxış edərək rəssamlara uğurlar arzu edib və sərginin əhəmiyyətli olduğunu vurğulayıb.
M.Hüseynov qeyd edib ki, sərgidə iştirak edən 67 gənc rəssamın ilk təcrübəsidir.
Xalq rəssamı Ömər Eldarov gənc rəssamları təbrik edib və qeyd edib ki, hər sərgi rəssamlar üçün önəmlidir.
Qeyd edək ki, sərgi sentyabrın 3-dək davam edəcək.