Berlin, 3 iyul, AZƏRTAC
Almaniyanın Bavariya əyalətində Vyana istiqamətində hərəkət edən sürət qatarında naməlum şəxs sərnişinlərə hücum edib.
AZƏRTAC "Spiegel" qəzetinə istinadla xəbər verir ki, polisin məlumatında onun hücum zamanı təhlükəli əşyalardan istifadə etdiyi bildirilib. Beş yüzədək sərnişinin olduğu qatarda baş verən hücum nəticəsində dörd nəfər xəsarət alıb. Sərnişinlərin vaxtında müdaxiləsi nəticəsində hücumun qarşısını almaq mümkün olub. Onlar şübhəli şəxsi zərərsizləşdirərək yaralayıblar. Polis həmin şəxsin saxlanıldığını və hazırda xəstəxanaya yerləşdirildiyini qeyd edib.
Hadisə ilə əlaqədar dəmir yolu xətti müvəqqəti olaraq bağlanıb, əraziyə yanğınsöndürmə xidməti, polis və təcili yardım briqadaları cəlb olunub.
Xatırladaq ki, may ayında Hamburq şəhərinin dəmir yolu vağzalında bir qadın bıçaqla insanlara hücum edərək, 18 nəfərə xəsarət yetirmişdi. Hadisə yerində saxlanılan həmin qadının psixoloji problemlərinin olduğu müəyyənləşdirilmişdi.