AZ

Rusiya XİN Bakı-İrəvan sülhünü "kal saziş" adlandırdı...


Ceyhun Məmmədov: “Rusiya XİN-in nümayəndəsinin “kal sülh” ifadəsini işlətməsinin özü də ölkəsinin xəbisliyindən, xəbis düşüncəsindən və xəbis fikirlərindən xəbər verir”

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Dmitri Masyuk deyib ki, Qərb dövlətləri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində Rusiyanın iştirakını məhdudlaşdırmaq üçün əllərindən gələni edirlər.

"Qərb Rusiyanı Ermənistan-Azərbaycan normallaşması prosesindən sıxışdırıb çıxarmağa çalışır. Bu, tərəfləri tələsik sülh sazişi bağlamağa vadar edir”.

O, "Maşuk" Bilik Mərkəzində Qorçakov Fondunun "Qafqaz dialoqu" elmi-maarifləndirici proqramının açılışında deyib ki, “özünü vasitəçi adlandıranların bu cür birtərəfli və səthi yanaşması məsələyə kömək etmir”.

“Biz Bakı və İrəvanın 2020 və 2022-ci illərdə ən yüksək səviyyədə ikitərəfli sazişlər kompleksinə əsaslanan münasibətlərin tamhüquqlu hərtərəfli normallaşmasına yönəlmiş səylərini ardıcıl olaraq dəstəkləyirik”-deyən Rusiya rəsmisi bildirib ki, iki ölkə arasında barışıq üçün optimal yol xəritəsi məhz bu formatda hazırlanıb. Diplomat həmçinin qeyd edib ki, Rusiya tərəfi sülh müqaviləsi layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır və “bu tarixi sənədin imzalanması” üçün öz platformasını təklif edib. “Biz bunu regionda sabitlik və rifahın bərqərar olması istiqamətində mühüm addım kimi görürük”, - Masyuk bildirib.

Rusiya XİN-in rəsmisi deyir ki, Qərb Moskvanı sülh prosesindən çıxardır və tərəflərin "kal bir sülh" mətnini imzalamasını istəyir.

“Bu, Rusiya tərəfin növbəti riyakarlığıdır”

Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə “Hesab edirəm ki, bu, Rusiya tərəfin növbəti riyakarlığıdır. Təəssüflə qeyd edirik ki, belə hallar baş verir, bu cür addımlar atılır. Biz bunun dəfələrlə şahidi olmuşuq. Təəssüflər olsun ki, Rusiya bölgədəki proseslərə burnunu soxmaqda davam edir. Yəni Rusiya münasibətlərin normallaşmasına mane olmasın, müdaxilə etməsin, onda hər şey qaydasında olacaq”-deyə bildirdi.

C.Məmmədovun sözlərinə görə, “Dağlıq Qarabağ” münaqişəsini yaradan da Rusiya idi, ölkələrin daxili işlərinə qarışan da Rusiya idi, indi də bunu edir. “Rusiya XİN-in nümayəndəsinin “kal sülh” ifadəsini işlətməsinin özü də ölkəsinin xəbisliyindən, xəbis düşüncəsindən və xəbis fikirlərindən xəbər verir. Bu özünü bu prosesdə də göstərir. Biz bunu ilk dəfə müşahidə etmirik. Bu səbəbdən əgər Rusiya münaqişəni həll etmək istəyən idisə, indiyə kimi həll edərdi. Azərbaycan bu prosesə hazırdır, amma Rusiya həll etmək istəmədi. Ona görə də bu proses davam edir. Biz bu məsələyə də Rusiyanın kobud müdaxiləsini görürük. Azərbaycan məsələni həll edəcək, gərəkən addımları atacaq və kiminsə kənar müdaxiləsinə də ehtiyac yoxdur”-deyə C.Məmmədov bildirdi.

İradə SARIYEVA

Seçilən
29
50
baki-xeber.com

10Mənbələr