AZ

Rusiyada azərbaycanlı iş adamı oğurlandı - Rus qazının İrana nəql layihəsi baş tutmur...


Moskva ilə Bakı arasında münaqişə Rusiyanın mövqeyi üzündən kəskinləşməkdə davam edir . Hətta iş o yerə çatıb ki, bir sıra iqtisadi sazişlər üzrə danışıqların dayandırıldığı bildirilir. İddialara görə, bu gedişlə Şimal-Cənub layihəsinin dondurulması, Rusiya qazının Azərbaycan üzərindən İrana nəqli də sual altına düşə bilər.

Məsələ ilə bağlı rus ekspert Stanislav Pritçin xatırladır ki, Azərbaycan uzun müddətdir Rusiyanın Cənubi Qafqazda ən mühüm ticarət, iqtisadi və investisiya tərəfdaşı olaraq qalır: “Moskva ilə Bakı arasında əməkdaşlığın əsaslandığı əsas layihələr arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi var. Böhranın Şimal-Cənub layihəsinin həyata keçirilməsinə təsir edib-etməyəcəyini hələlik söyləmək çətindir. Ötən ilə nəzər salsaq, Azərbaycan ərazisindən yük axınının həcmi artıb. Amma problem əslində Azərbaycanda deyil, İrandadır - Tehran Astara-Rəşt dəmir yolunun qalan hissəsini tamamlaya bilmir. Alternativ olaraq Şərqi Poliqon layihəsi var - Qazaxıstan, Türkmənistan və İrandan keçən dəmir yolu əlaqələri vasitəsilə. Və əgər Azərbaycanla münasibətlər uzun müddətdir pisləşibsə, o zaman, birincisi, yüklərin dəniz yoluna istiqamətləndirilməsi, ikincisi, Şərq Poliqonunu və İranın daxili dəmir yolunu genişləndirmək mümkündür”. Yanvarda məlum olub ki, Moskva və Tehran Azərbaycan üzərindən İrana qaz nəqli marşrutu barədə razılığa gəliblər. Güman edilirdi ki, birinci mərhələdə həcmlər 2 milyard kubmetr təşkil edə bilər, onların 55 milyard kubmetrə çatdırılması perspektivi də var. Aprel ayında Rusiyanın energetika naziri Sergey Tsivilev demişdi ki, tədarük 2025-ci ildən tez başlamalıdır. Stanislav Pritçin bildirib: “Qazla bağlı vəziyyət təxminən eynidir, eyni risklər var. Münasibətlər pisləşərsə, Azərbaycan üzərindən İrana qaz nəqlinin genişləndirilməsini gözləməyə dəyməz”. Bir daha qeyd edək ki, hadisələrin belə səpkidə inkişafına səbəb Rusiya Federasiyasının Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı güc tətbiqi və xüsusi amansızlıqla törədilən əməllər və qətllərlə bağlıdır. Burada bir mqamı da qeyd edək ki, Rusiya Konstitusiyasının 20-ci maddəsi hər bir şəxsin yaşamaq hüququnu təmin edir, 21-ci maddə isə işgəncəyə, zorakı və alçaldıcı rəftara və ya cəzaya məruz qalmamaq hüququnu təsbit edir. Sözügedən hadisə bu fundamental hüquqların pozulması kimi qiymətləndirilməlidir. Bu cür pozuntular yalnız fərdi azadlıqlara təhdid deyil, həm də konstitusion hüquqi rejimin pozulması anlamına gəlir. Belə bir vaxtda Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə maraqlı bir nüansa diqqət edərək bildirib ki, Rusiyanın müxtəlif şəhərlərində saxlanılan və cəzaçəkmə müəssisələrində olan Azərbaycan vətəndaşları ilə konsulluq görüşlərinin təşkil olunmasına maneələr yaradılır. Azərbaycan tərəfdən dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, Rusiya tərəfi müvafiq cavabları həftələrlə gecikdirir: “Rusiya tərəfini vəziyyəti süni şəkildə daha da gərginləşdirən addımlardan və bəyanatlardan çəkinməyə çağırırıq. Rusiyanın müxtəlif şəhərlərində saxlanılan və cəzaçəkmə müəssisələrində olan Azərbaycan vətəndaşları ilə konsulluq görüşlərinin təşkil olunması üçün dəfələrlə edilmiş müraciətlərimizə Rusiya tərəfindən cavabların həftələrlə gecikdirilməsini Azərbaycan tərəfi heç zaman ictimaiyyətləşdirərək siyasiləşdirməyib".

Hazırda soydaşlarımıza qarşı Rusiyada repressiyalar davam edir. Məlumata görə, Rusiya Federasiyasının Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının Yekaterinburqda törədikləri hadisə zamanı xəsarət alan iş adamı Kamal Səfərov xəstəxanadan oğurlanıb. Yekaterinburqda törədilən hadisə zamanı qətlə yetirilən və yaralanan şəxslərin yaxınları qeyd edir ki, baş vermiş hadisə zamanı müxtəlif dərəcəli xəsarətlər alan Kamal Səfərov Yekaterinburqda yerləşən xəstəxanaların birində əməliyyat olunduqdan sonra müalicəsinə davam edirdi. Lakin xəstəxanaya gələn naməlum şəxs və ya şəxslər K.Səfərovu özləri ilə aparıblar. Yaxınları bildirib ki, onu hara apardıqları barədə heç bir məlumat verməyiblər. Qeyd edək ki, daha öncə Yekaterinburqun Leninski Rayon Məhkəməsi Kamal Səfərov barəsində həbs qətiimkan qərarı çıxarıb. Bundan başqa,

Azərbaycan əsilli milyarder Araz Ağalarovun barəsində məhkəmə icraçıları icraatına başlayıb. Eləcə də Rusiyanın Voronej vilayətində azərbaycanlılara qarşı genişmiqyaslı reydlərə və həbslərə başlanılıb. Voronejdəki Alekseyevski bazarı uzun müddətdir hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. İldə bir neçə dəfə burada miqrasiya sahəsində pozuntuların aşkarlanması üçün reydlər keçirilir. Yerli sakinlərin mütəmadi olaraq "gəlmələrin" davranışından və antisanitariyadan şikayət etdikləri iddia olunur. Rusiya Teleqram kanalları və digər media qurumlarının yazdığına görə, bir qrup miqrant yük avtomobilinin rus sürücüsündən nəqliyyat vasitəsini ticarət məqsədilə bir neçə günlüyə saxlamağı tələb ediblər. Guya "bazar sahibləri" həmin şəxsi təhdid ediblər. Mənbə həmin şəxslərin miqrant və azərbaycanlı olduğu iddiasını irəli sürüb. Bildirilib ki, Rusiya Daxili İşlər Nazirliyinin Baş Miqrasiya Xidmətinin rəisi, polis general-polkovniki Andrey Kikot məsələni şəxsi nəzarətinə götürüb. İyunun 25-də Alekseyevski bazarında DİN və "Rosqvardiya" əməkdaşlarının iştirakı ilə "Qeyri-leqal-2025" əməliyyat-profilaktik tədbirləri çərçivəsində genişmiqyaslı reyd başlayıb. Rusiya DİN-in Baş Miqrasiya İdarəsinin mətbuat xidməti üç tədbirin keçirildiyini açıqlayıb. Rusiya DİN-in Baş Miqrasiya İdarəsindən bildirilib: “Ticarət obyektinin ərazisində miqrasiya qanunvericiliyinin kobud pozuntularının dəfələrlə aşkar edilməsi səbəbindən, "Qeyri-leqal - 2025" əməliyyatının hazırkı mərhələsi dövründə sözügedən bazarda profilaktik tədbirlər qanunvericiliyin pozulmasına şərait yaradan səbəb və şərtlər tam aradan qaldırılanadək daimi əsasda həyata keçiriləcək”. Bundan başqa, Azərbaycanlı ailə oğlunun davasına görə Sankt-Peterburqdan deportasiya edilib. Şəhərin Nevski rayonunda yeniyetmələr arasında sosial şəbəkədə başlayan mübahisə ağır nəticələrə səbəb olub. Belə ki, 16 yaşlı yeniyetmə 13 yaşlı azərbaycanlı ilə yazışmada dava edib, bundan sonra onlar şəxsən görüşüb söhbət etməyə razılaşıblar. İddiaya görə, 13 yaşlı azərbaycanlı dostları ilə 16 yaşlı yeniyetməni döyüb. Polis əməliyyat-istintaq tədbirləri zamanı valideynləri, qardaşı, bacısı və münaqişə iştirakçısının özü də daxil olmaqla, bütün ailənin deportasiya edilməsi barədə qərar qəbul edilib. Belə hallar getdikcə geniş vüsət alır.

Nahid SALAYEV

Seçilən
40
50
baki-xeber.com

10Mənbələr