Sosial şəbəkələrdə 28 nömrəli Uşaq Musiqi Məktəbinin direktor müavini İlahə Mirzəyevaya aid olduğu bildirilən səs yazısı yayılıb.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, iddia edilib ki, direktor müavini valideynlə söhbət zamanı kobud davranıb, qeyri-etik ifadələrdən istifadə edib.
Məsələ ilə bağlı üz tutduq Qaradağ rayonunda yerləşən 28 nömrəli Uşaq Musiqi Məktəbinə.
Məktəbin müəllim kollektivi ilə həmsöhbət olduq. Müəllimlər bildirdilər ki, bu illər ərzində ilk dəfə belə bir hadisə ilə qarşılaşıblar.
Hadisədə adı hallanan İlahə Mirzəyeva ilə telefon əlaqəsi saxladıq. O, hadisənin 5 il əvvəl baş verdiyini və yayılan səsin konteksdən çıxarıldığını iddia etdi.
Məsələ ilə bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirildi ki, 28 nömrəli Uşaq Musiqi Məktəbinin direktor müavini İlahə Mirzəyevanın etik davranış qaydalarına zidd ifadələr səsləndirdiyi səs yazıları ilə bağlı araşdırma aparılıb. İlahə Mirzəyeva ilə profilaktik söhbət keçirilib və gələcəkdə bu cür hallara yol verilməməsi barədə ona ciddi xəbərdarlıq olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.