Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərindən sonra kritik siyasi dönüş yaşanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla 20 iyun 2025-ci il tarixində İstanbulda keçirilən görüşdə Paşinyan həm Ermənistan–Azərbaycanda sülh müqaviləsi layihəsinin, həm də Türkiyə ilə əlaqələrin normallaşmasının vacibliyini bir daha vurğulayıb. Bu görüşdə Türkiyə sülh prosesinə dəstəyini ifadə edib və buna təkan verəcəyini bəyan edib .
Eyni zamanda, Rusiya sülhə doğru addımlardan narazı qaldığı üçün, Rusiyada yaşayan azərbaycanlı soydaşlarımıza təzyiq göstərməyə çalışır. Çünki, Moskva regiondakı təsir gücünün azaldılacağından ehtiyat edir və bunu həzm edə bilmir.
Maraqlıdır görəsən, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi tezliklə bağlana bilərmi? Rusiya niyə buna qarşıdır? Turkustan.az olaraq bu suallarımızı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq. Ekspert bildirdi ki, Ermənistan, Azərbaycan və Türkiyə arasında 3 tərəfli kordinasiyalı siyasət həyata keçirilir. Bu əməkdaşlıq formatı regionda sülhün bərqərar olunması və iqtisadi kommunikasiyaların açılması məqsədi daşıyır. Əsədullazadəyə görə, Paşinyan hökuməti Rusiyadan uzaqlaşaraq Qərblə inteqrasiya və Türkiyə ilə münasibətlərin normallaşmasına üstünlük verir.
Məhəmməd Əsədullazadə
ABŞ da bu istiqamətdə sülh prosesinə dəstək verir. Artıq Ermənistanda Konstitusiya dəyişikliyinə gedilməsi üçün xüsusi bir komissiya formalaşdırılıb. Bildirilir ki, iyul ayında Paşinyan və İlham Əliyevin Dubayda görüşü də istisna edilmir. Hazırda bölgədə geosiyasi vəziyyət dəyişməkdədir və ABŞ, Türkiyə, həmçinin Avropa İttifaqı sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıdır.
Zəngəzur dəhlizinin açılması məsələsi də aktiv şəkildə gündəmdədir. Paşinyanın Türkiyə səfəri zamanı bu məsələ və ümumilikdə Ermənistan–Azərbaycan arasında sülh sazişinin tezliklə bağlanması geniş şəkildə müzakirə olunub. Hazırda müəyyən bir "çərçivə sazişi"nin imzalanması ehtimalı yüksəkdir. Çünki əsas sülh müqaviləsinin imzalanması üçün ilk növbədə Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələb olunur. Azərbaycan da bu dəyişikliklərin baş verməsini əsas şərt kimi irəli sürür.
Zəngəzur dəhlizinin açılması və ardınca sülh müqaviləsinin imzalanması mümkündür. Təbii ki, Rusiya bu prosesin əleyhinədir. Bu səbəbdən, müxtəlif vasitələrlə Azərbaycana təzyiq göstərməyə çalışır, eyni zamanda Ermənistanda Paşinyan hakimiyyətini dəyişmək niyyətindədir. Lakin artıq Rusiya bu proseslərə ciddi şəkildə təsir göstərə bilmir. Çünki həm Azərbaycan, həm də Ermənistan anti-Rusiya xəttinə köklənib və regionda Moskvanın nüfuzunun azalması istiqamətində addımlar atılır.
Aydındır ki, bu gün bölgədə sülhə əsas mane olan tərəf məhz Rusiyadır. ABŞ-ın sülh prosesinə dəstəyi davam edərsə, çox ciddi irəliləyişlər baş verə və yaxın zamanlarda ilkin çərçivə sazişi imzalana bilər.
Aytən Yaşar/ Turkustan.az