İstanbul, 4 iyul, Günel Karatepe, AZƏRTAC
Türkiyənin İzmir vilayətinin Ödemiş rayonunda baş verən yanğında bir meşə işçisi həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı açıqlama verib.
Nazir hadisə yerində bir sürücünün də ağır yaralandığını bildirib. Bundan əlavə, yanğında 80 yaşlı yataq xəstəsinin də həyatını itirdiyi bildirilir.
Türkiyədə daha bir meşə yanğını İstanbulda baş verib.
Şəhərin Silivri rayonunda meydana gələn yanğınla bağlı İstanbul Valiliyi açıqlama verib.
Bildirilib ki, bölgəyə 7 təyyarə, 3 helikopter, çox sayda texnika və 691 nəfərdən ibarət işçi heyəti cəlb edilib. Qabaqlayıcı tədbir olaraq 50 mənzillik bölgə təxliyə olunub. Yanğından indiyədək 100 hektarlıq meşə ərazisi zərər görüb.