Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri xarici siyasətimizdə daha önəmli yer tutan Mərkəzi Asiya regionu ilə əlaqələrin inkişafı kontekstində xüsusi diqqət çəkir. Rəsmi Bakı Daşkəndlə münasibətləri həm ikitərəfli müstəvidə, həm də Türk Dövlətləri Təşkilatı (TDT) və digər beynəlxalq platformalar çərçivəsində geniş və ardıcıl şəkildə inkişaf etdirir. Münasibətlərdə əlamətdar dönüş nöqtələrindən biri 2024-cü il avqustun 23-də baş verdi. Həmin tarixdə Daşkənddə keçirilən rəsmi mərasimdə dövlət başçısı İlham Əliyev və Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzaladı. Bu sənədlə iki ölkə rəsmi olaraq müttəfiq statusuna keçdi.
Politoloq Turan Rzayev Sherg.az-a çıqlamasında deyib ki, müttəfiqlik münasibətlərinin bu səviyyəyə çatmasında hər iki ölkə liderinin şəxsi münasibətləri də həlledici rol oynayır. Siyasi şərhçi bildirib ki, liderlər sadəcə dövlət səfərləri və rəsmi görüşlərlə kifayətlənmir, həm də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində mütəmadi olaraq bir araya gəlirlər:

"Bu da münasibətlərin səmimi, etibarlı və dinamik xarakter daşıdığını göstərir. Məhz bu baxımdan Prezident Mirziyoyevin Bakıya səfəri də mühüm əhəmiyyət kəsb edir. Səfərin ilk və diqqətçəkən məqamlarından biri Prezidentlərin Bakıda “Özbəkistan” parkının təməlini qoyması oldu. Bu park sadəcə mədəni layihə deyil, iki ölkə arasındakı dostluğun və qardaşlığın qalıcı simvolu olacaq. Parkın konsepsiyası Özbəkistanın qədim şəhərləri Daşkənd, Səmərqənd, Buxara, Xivə və Kokandın mədəni və memarlıq irsini Bakının mərkəzində əks etdirməyi nəzərdə tutur. Ümumilikdə 5 hektar ərazidə salınacaq park Özbəkistan xəritəsi formasında olacaq. Burada muzey, kinoteatr, amfiteatr, qüllə, milli mətbəx nümunələri təqdim edən restoran və kafelər, ticarət və suvenir mağazaları, hətta zoopark və mehmanxana da fəaliyyət göstərəcək".
T.Rzayevə görə, bu cür layihələr ilk baxışdan elə də əhəmiyyətli görünməsə də, əslində, xalqlar arasında birbaşa ünsiyyət və qarşılıqlı anlayış üçün münbit zəmin yaradır:
"Mədəniyyət vasitəsilə qurulan bu əlaqələr münasibətlərin daha dayanıqlı və uzunömürlü olmasına xidmət edir. Bu təşəbbüs həmçinin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında artan əməkdaşlığın da bir hissəsidir. Azərbaycan və Özbəkistan bu əməkdaşlığın mərkəzində dayanaraq həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan regional inteqrasiyanı təşviq edirlər. Səfər zamanı diqqət çəkən digər bir məqam şəhərlərarası “qardaşlaşma protokolları”nın imzalanmasıdır. Sumqayıtla Daşkənd, Qəbələ ilə Navai rəsmi olaraq qardaş şəhər elan ediliblər. Bu, həmin şəhərlər arasında mədəniyyət, təhsil, turizm və biznes sahələrində daha sıx əməkdaşlıq yaradacaq. Beləliklə, iki ölkə arasında dostluq əlaqələrinin təkcə yüksək səviyyədə deyil, həm də bölgə və yerli icmalar səviyyəsində qurulması istənilir. Bakı və Daşkənd nəqliyyat siyasətini yalnız ikitərəfli deyil, eyni zamanda regionun digər ölkələri ilə birlikdə koordinasiya etmək niyyətindədirlər. Bu isə birbaşa olaraq Azərbaycanın tranzit imkanlarını genişləndirməklə yanaşı, Xəzər üzərindən Orta Asiyadan Avropaya uzanan ticarət yollarında önəmli rol oynamasına şərait yaradır".
Ekspert qeyd edib ki, Trans-Xəzər Nəqliyyat Dəhlizi də xüsusi əhəmiyyət kəsb edir:
"Dəhliz vasitəsilə Mərkəzi Asiya ölkələrindən yüklər Xəzər dənizi üzərindən Azərbaycana, buradan isə Gürcüstan, Türkiyə və Avropa istiqamətinə daşınır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan artıq sözügedən layihələr üzrə geniş infrastruktur qurub və bu sahədə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq imkanlarını daha da dərinləşdirmək niyyətindədir. Bu bəyanat Azərbaycanın təkcə coğrafi mövqeyinə güvənməklə kifayətlənmədiyini, eyni zamanda tərəfdaş ölkələrlə birgə planlama və koordinasiyaya əsaslanan, strateji baxımdan ağıllı və çevik nəqliyyat siyasəti həyata keçirdiyini göstərir. Məqsəd təkcə bugünkü yük axınını təmin etmək deyil, həm də gələcəkdə daha geniş ticarət imkanlarına hazır olmaqdır. Nəticə etibarilə dərinləşən siyasi və iqtisadi əlaqələr, həmçinin qarşılıqlı dəstək iki ölkənin beynəlxalq arenada mövqeyini gücləndirir, regional layihələrin uğurla həyata keçirilməsinə şərait yaradır. Azərbaycanın regional tranzit potensialını artırması və Özbəkistanla birgə nəqliyyat infrastrukturunu inkişaf etdirməsi bu münasibətlərin strateji əhəmiyyətini daha da ön plana çıxarır".