ain.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Saxta məlumatların yayılmasının qarşısı alınmalıdır!
Bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsi zərurətə çevrilib
İnformasiya təhlükəsizliyi bütövlükdə, hər bir cəmiyyətin təhlükəsizliyində mühüm rol oynayır. Ona görə də, bu sahədə qanunverciliyin təkmilləşdirilməsi hər zaman aktual olub. Digər tərəfdən, media resurslarında saxta məlumatların yayılmasının qarşısının alınması da vacib məsələlərdən biridir.
Artıq bu yöndə praktiki addımlar atılmaqdadır. Belə ki, Azərbaycan mediasında saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşəcək. Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin iyulun 1-də keçirilən iclasında birinci oxunuş üçün müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Qanunda ilk dəfə olaraq kütləvi informasiya istehsalı ilə məşğul olan ənənəvi media resurslarına münasibətdə “media subyekti” anlayışı təqdim edilib, bununla da peşəkar medianın əhatə dairəsi müəyyənləşdirilib. Dəyişikliyə əsasən media sahəsində fəaliyyət göstərən xarici hüquqi şəxsin Azərbaycandakı filial və nümayəndəliyi də media subyekti hesab ediləcək.
Azərbaycan mediasını və ictimaiyyətini ən çox narahat edən məsələlərdən biri də informasiya məkanında mənbəyi bilinməyən, saxta məlumatların yayılması, bu cür manipulyativ məzmunun sosial şəbəkələrin təsiri altında media subyektlərinin lentinə yol açması, beləliklə, müxtəlif media kanalları vasitəsilə cəmiyyətə həqiqəti əks etdirməyən informasiyanın ötürülməsidir. Ciddi sosial sifarişi nəzərə alaraq, həm informasiya mühitinin çirklənməsinə səbəb olan, həm də jurnalistlərin nüfuzuna təsir edən saxta xəbərlərlə mübarizə metodlarını gücləndirmək məqsədilə qanuna dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, qanunun informasiyaya dair tələbləri əks etdirən 14-cü maddəsinə saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməsinə dair normanın əlavə edilməsi nəzərdə tutulub.
Belə ki, media subyektinin adından sui-istifadə edən, media etikasına zidd fəaliyyət göstərən, ictimai rəydə qeyri-peşəkar imici dəyişməyən media resurslarına qarşı cəmiyyət dövlətdən daha ciddi addımlar atılmasını gözləyir. Bu tələbi və dövlətin informasiya təhlükəsizliyi prinsiplərini əsas götürərək qanuna edilən dəyişiklərlə Medianın İnkişafı Agentliyinin (MEDİA) informasiya mühitinin çirkləndirilməsi hallarına qarşı fəaliyyətinin çevikliyi təmin ediləcək. Media subyektlərinin, xüsusilə əsas informasiya mənbəyi olan informasiya agentliklərinin fəaliyyətini təkmilləşdirmək və stimullaşdırmaq üçün günün reallıqlarına uyğun standartların tətbiqi tələb olunur. Məlumat mübadiləsində açar rolunu oynayan və buna görə də, xüsusi çəkisi olan informasiya agentlikləri sadəcə mövcud olduğu sərhədlər daxilində deyil, bütün dünyada ölkə mediasının simasını və təsir dairəsini müəyyənləşdirir. Bu baxımdan informasiya agentliklərinin inkişaf etdirilməsi dövlətin media siyasətinin əsas istiqamətlərindəndir.
Qanuna təklif edilən dəyişikliyə əsasən, informasiya agentliyinin azı 20 media subyekti ilə məlumat verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı 5 xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 faizi özü tərəfindən istehsal edilmiş olmalıdır. Vurğulanıb ki, müxtəlif media subyektləri formalaşdırdıqları brendin adından sui-istifadə halları ilə bağlı MEDİA-ya dəfələrlə müraciətlər edib və bu istiqamətdə ciddi addımların atılması ilə bağlı təkliflər irəli sürüblər. Bu amili nəzərə alaraq, qanuna təklif olunan dəyişikliyə əsasən, media subyektlərinin adları digər redaksiyaların adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir. Bu dəyişiklik media subyektlərinin həm reputasiyasının, həm də brendinin möhkəmlənməsinə töhfə verəcək.
Məsələ ilə bağlı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qəzetimizdə açıqlamasında qanunvericiliyə belə bir dəyişikliklərin zərurliyini bir daha vurğulayıb. Onun sözlərinə görə, bu dəyişikliklər cəmiyyətin və media ictimaiyyətinin tövsiyələri, istək və təklifləri nəzərə alınaraq irəli sürülüb: “Burada əsas məqsəd Azərbaycanın informasiya mühitinin qorunaraq, sağlamlaşdırılması, media brendinin və jurnalistin nüfuzunun artırılması, informasiya məkanında hər hansı neqativ hallara qarşı mübarizədə cəmiyyətin tələblərini nəzərə alaraq dövlət tənzimlənməsində həssaslığın artırılması, çevikliyin təmin edilməsidir. Nəzərdə tutulan dəyişikliklər qəbul olunarsa, bu, bütün media məkanında şəffaf və sağlam mühitin formalaşmasında önəmli rol oynayacaq”.
Komitə sədri qeyd edib ki, sözügedən qanun layihəsi iyulun 4-də (bu gün-red) Milli Məclisin plenar iclasında müzakirə olunacaq.
Nardar BAYRAMLI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.