Koreyanın internet nəhəngi "Kakao" və ABŞ-ın süni intellekt şirkəti "OpenAI" strateji əməkdaşlıq razılaşması imzalayıb.
Valyuta.az xəbər verir ki, razılaşmaya əsasən, "Kakao" öz məşhur "KakaoTalk" tətbiqində fərdi süni intellekt agentlərini bu ilin noyabrında istifadəyə verəcək. Bu agentlər istifadəçilərin adından qərarlar qəbul edə və müxtəlif əməliyyatlar apara biləcək.
Şirkətin rəhbəri Şina Çonq bu addımın "Kakao"nun zəifləyən satışlarını canlandıracağını və AI-nin əsas gəlir sahələrinə – reklam və elektron ticarətə yeni imkanlar yaradacağını bildirib. Eyni zamanda, "Kakao" Namyangju şəhərində yeni AI məlumat mərkəzinin tikintisinə 600 milyard von sərmayə ayırıb.
"OpenAI" üçün isə bu əməkdaşlıq, Cənubi Koreya kimi texnoloji inkişaf etmiş bazara daxil olmaq baxımından əhəmiyyətlidir. Hər iki tərəf bu layihənin süni intellektin gündəlik həyatda istifadəsini genişləndirəcəyinə inanır.
Qeyd edək ki, "Kakao" Cənubi Koreyada mesajlaşma, rəqəmsal ödəniş, bankçılıq, reklam və əyləncə sahələrində fəaliyyət göstərən çoxşaxəli texnologiya şirkətidir. Əsas məhsulu olan "KakaoTalk" ölkə əhalisinin 94%-i tərəfindən istifadə olunur.
Sərvanə Rəmixanova