“Məlum olduğu kimi 2025-ci il iyul ayının 2-də Prezident Məsud Pezeşkianın imzaladığı qanunla İran rəsmi şəkildə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığa son qoydu. Qanun parlamentdə böyük səs çoxluğu ilə qəbul olundu və beləliklə də, İran beynəlxalq nüvə nəzarət mexanizmlərindən kifayət qədər uzaqlaşmış oldu. Təbii ki, bu addım regionda kifayət qədər həssas olan geosiyasi balansı daha da zəiflətməklə yanaşı, ümumi təhlükəsizlik arxitekturasını dəyişmək potensialına da malikdir”

Bunu Moderator.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Politoloq qeyd edib ki, qanun çərçivəsində MAQATE-nin İranın nüvə obyektlərində quraşdırdığı müşahidə kameralarının sökülməsi, müfəttişlərin həmin obyektlərə girişinə qadağa qoyulması və yalnız İran Təhlükəsizlik Şurasının icazəsi ilə yoxlamaların həyata keçirilməsi nəzərdə tutulur:
“Belə olan halda İran faktiki olaraq 2015-ci ildə imzaladığı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsindəki öhdəliklərdən uzaqlaşmış oldu. Digər tərəfdən isə MAQATE-nin 2025-ci ilin iyun ayında yayımladığı son hesabatda qeyd olunur ki, İranın 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatı artıq 408 kiloqrama çatıb. Deməli bu texniki baxımdan silah hazırlamaq üçün yetərli hesab oluna bilər. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) təhlilinə əsasən isə bu artıq 3–4 nüvə başlığı hazırlamaq üçün yetərli həddir. Bu faktlar da öz növbəsində İranın nüvə fəaliyyətinin sırf sülh məqsədli olduğu ilə bağlı iddialarına ciddi ölçüdə şübhə yaradır. İsrail tərəfinin bu məsələ ilə bağlı mövqeyi isə qətidir. Baş nazir Benyamin Netanyahu açıq şəkildə bildirib ki, “İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcək”. ABŞ Dövlət Departamenti də rəsmi bəyanatla çıxış edərək xəbərdarlıq edib ki, Tehran bu istiqamətdə atdığı addımlara görə ciddi nəticələrlə üzləşə bilər. Bütün baş verən hadisələr fonunda iyulun 10-da Norveçin Oslo şəhərində İran və ABŞ nümayəndələri arasında keçirilməsi gözlənilən qeyri-rəsmi nüvə danışıqları mühüm əhəmiyyət kəsb edir. Lakin İranın MAQATE ilə əməkdaşlığı dayandırması bu danışıqların perspektivini ciddi şəkildə zəiflədir və hərbi eskalasiya riskini artırır”.
Politoloq onu da əlavə edib ki, iyulun 1-də Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasındakı telefon danışığı zamanı İranın nüvə proqramı əsas müzakirə mövzularından biri olub:
“Fransa tərəfi rəsmi Tehranın MAQATE ilə əməkdaşlığa qayıtmasının önəmini vurğulayarkən, Rusiya tərəfi isə İranın “sülhməramlı nüvə fəaliyyəti çərçivəsində hərəkət etdiyini” bildirib. Bu fikir ayrılığı Avropa ilə Moskva arasında İran məsələsinə yanaşmalarda ciddi fərqliliklərin mövcud olduğunu göstərir. Ümumilikdə isə mövcud tendensiyalar göstərir ki, İranın növbəti strateji addımı Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmaq ola bilər. Son günlərdə İran parlamentində səsləndirilən bəzi radikal fikirlər bu istiqamətdə ictimai və siyasi hazırlığın aparıldığının bariz nümunəsidir. Eyni zamanda, MAQATE-nin nəzarət mexanizmlərindən imtina edən İranın uranı zənginləşdirmə prosesini daha sürətli və qeyri-şəffaf formada davam etdirmək niyyəti ilə bağlı ehtimallar da istisna edilmir. Hadisələrin inkişaf xronikası göstərir ki, bu proses paralel olaraq İranın regionda radikal qruplarla, xüsusilə Orta Şərqdəki silahlı qruplaşmalarla əlaqələrinin güclənməsinə və geosiyasi gərginliyin daha da dərinləşməsinə səbəb ola bilər. Nəticə etibarilə, İranın MAQATE ilə əməkdaşlığa son qoyması, artıq yalnız bir dövlətin daxili məsələsi deyil. Bu qərar regional güc balansını təhdid edir, qlobal enerji təhlükəsizliyini sarsıdır və yeni hərbi qarşıdurma ssenarilərinin reallığa çevrilməsi ehtimalını artırır. Düşünürəm ki, bu reallıq fonunda regional aktorlar öz milli maraqlarını beynəlxalq hüquq çərçivəsində qorumaqla yanaşı təhlükəsizliyin kollektiv təminatına yönələn proseslərdə daha fəal mövqe nümayiş etdirməlidirlər”.
Mehin Mehmanqızı